REGİONLAR
Bu il Şəki Dövlət Dram Teatrı teatrsevərlərə dörd yeni tamaşa təqdim edəcək

Şəki, 25 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrı 2024-cü ildə də sənətsevərləri bir-birindən maraqlı tamaşalarla sevindirəcək. Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilmiş repertuar plana əsasən, 2024-cü ildə teatrda dörd yeni tamaşa hazırlanacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Teatrın rəsmisi bildirib ki, hazırda bu sənət ocağında teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda repertuar planda nəzərdə tutulan ilk səhnə əsərinin - görkəmli alman ədibi Bertolt Brextin “Kuraj ana və uşaqları“ pyesi əsasında hazırlanan tamaşanın məşqlərinə başlanılıb.
Quruluşçu rejissor Elvin Nuri tərəfindən tamaşaya qoyulması planlaşdırılan digər əsər isə Xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” pyesidir. Tamaşa yazıçının anadan olmasının 110 illiyinə həsr olunur.
Bundan əlavə, teatrın 2024-cü ilin repertuarına dramaturq Altay Məmmədovun “Ulduzlar görüşəndə” (rejissor Hüseyn Hüseynli) və görkəmli ingilis dramaturqu Uilyam Şekspirin “Heç nədən hay-küy” (rejissor Mirbala Səlimli) komediyaları da daxil edilib.
Lalə Məmmədova bildirib ki, teatrın 2024-cü il üçün tədbirlər planında, həmçinin Şəki teatrının nailiyyətlərinin geniş tamaşaçı kütləsinə çatdırılması və mədəniyyət tariximizin təbliğ olunması məqsədilə müxtəlif tədbirlərin keçirilməsi də nəzərdə tutulur. Cari ildə bu sənət ocağında Şəkidə milli peşəkar teatrın yaranmasının 145 ilinin (1879-2024) tamam olması münasibətilə “Şəki Teatrı-145” yubiley gecəsi keçiriləcək.
Əlavə olaraq, Azərbaycan teatr kollektivləri ilə xarici ölkələrin teatrları arasında beynəlxalq səviyyədə əlaqələrin qurulması məqsədilə keçiriləcək IV Şəki Beynəlxalq Teatr Festivalı da Şəkidə milli peşəkar teatrın yaradılmasının145 illiyinə həsr ediləcək.