Bu ilin birinci rübündə “AzerGold” QSC-nin satış göstəriciləri artıb
Bakı, 18 aprel, AZƏRTAC
Dövlət ixracatçı subyektləri sırasında lider mövqelərdə qərarlaşan “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2023-cü ilin birinci rübündə satış göstəriciləri artıb.
QSC-dən AZƏRTAC-a bildirilib ki, sözügedən dövr ərzində beynəlxalq və yerli bazarlarda 8.3 min unsiya qızıl, 33.5 min unsiya gümüşün satışını həyata keçirən Səhmdar Cəmiyyət satış əməliyyatları nəticəsində, ümumilikdə 27.9 milyon manat vəsait əldə edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl satışı həcmində 14 faiz, gümüş satışı həcmində 79 faiz, satış gəlirlərində isə 13,9 faiz artım deməkdir.
Qeyd edək ki, ümumi satış göstəricilərinə 7.3 min unsiya qızıl, 20 min unsiya gümüşün ixracı, 943 unsiya qızıl, 13.4 min unsiya gümüşün yerli bazarlarda satışı daxildir. 2022-ci ilin eyni dövrü ilə müqayisədə qızıl və gümüşün ixrac həcmlərində müvafiq olaraq, 15 faiz və 7,6 faiz artım qeydə alınıb. Birinci rüb üzrə ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına cəlb edilən vəsait isə 24.1 milyon manat təşkil edib. Bununla da, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac gəlirləri 12,6 faiz artıb.