Bugünkü hərracda 11 nəqliyyat vasitəsi özəlləşdirilib
Bakı, 11 yanvar, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 11-də keçirilən növbəti hərracda 2 kiçik dövlət müəssisəsi, 11 nəqliyyat vasitəsi özəlləşdirilib.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlaklarına ümumilikdə 40 sifariş qəbul olunub, bunun 4-ü elektron qaydada həyata keçirilib.
Avtomobillərə edilən təkliflərin çoxluğu prosesi daha da rəqabətli edib. İlkin start qiyməti 2500 manat olan “Vaz 21214” markalı avtomobil üçün təkliflər səsləndirilib, sonda həmin nəqliyyat vasitəsi 3575 manata özəlləşdirilib. Nəqliyyat vasitələrinin sırasında kater də olub. Həmin nəqliyyat vasitəsi 5 min manata satılıb.
Hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Bakının Xəzər rayonunda yerləşən 4 saylı kafe olub. Həmin əmlak 166 min 300 manata özəlləşdirilib.
Satılmış dövlət əmlakları üzrə 234 min 625 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulur.
Özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: (https://bit.ly/30SU4lu)
Qeyd edək ki, növbəti hərraclar yanvarın 18-i, yanvarın 25-i və fevralın 1-də keçiriləcək.
Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.