Bugünkü qüdrətli, müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin şah əsəridir
Naxçıvan, 8 iyul (AZƏRTAC). Ulu öndər Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə respublikamızın iqtisadiyyatında, ictimai-siyasi həyatında köklü dəyişikliklər baş vermiş, ölkə sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. Bugünkü qüdrətli, müstəqil Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin şah əsəridir.
Naxçıvan Dövlət Universitetinin (NDU) mətbuat şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, bu fikirlər NDU-dakı Heydər Əliyev Lektoriyasının “14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür” mövzusunda keçirilən 185-ci məşğələsində səsləndirilmişdir. Universitetin rektoru, Əməkdar Elm Xadimi, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi rəhbərliyə gəlişinin əhəmiyyətini daha yaxşı dərk etmək üçün 1969-cu il iyulun 14-dək olan dövrdə Azərbaycanda gedən mənfi proseslərə nəzər yetirmək kifayətdir. Məhz 14 iyuldan sonra ölkədə vəziyyət yaxşılaşmağa başlamış, iqtisadi inkişaf nəzərə çarpmış, milli kadrların hazırlanması işinə diqqət artırılmışdır.
Saleh Məhərrəmov qeyd etmişdir ki, bu gün müstəqil, azad və bütün dünyada söz sahibi olan Azərbaycan Respublikası əldə etdiyi sosial-iqtisadi uğurlarla nəinki bölgənin, hətta dünyanın sayılıb seçilən dövlətlərindən birinə çevrilmişdir. Artıq respublikamızın özünəməxsus sosial-iqtisadi inkişaf modeli əksər ölkələr tərəfindən nümunə kimi qəbul olunmaqdadır.
Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının bütün sahələrdə uğurlu inkişafından söz açan rektor, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan məqsədyönlü sosial-iqtisadi siyasətin bu gün Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Məşğələdə “14 iyul Azərbaycan xalqının həyatında dönüş günüdür” mövzusunda məruzə ilə çıxış edən jurnalistika və dünya ədəbiyyatı kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov qeyd etmişdir ki, 1969-cu ildən sonra Azərbaycanda quruculuq işləri aparılmış, ölkəmiz Sovet İttifaqının qabaqcıl respublikaları sırasına yüksəlmişdir. Böyük şəxsiyyət 1993-cü ildə xalqın çağırışına cavab verərək, Azərbaycanın idarəçilik sükanı arxasına keçmiş, qısa müddətdə milli dövlətçilik doktrinasını irəli sürərək onun sürətli icrasına başlamışdır. Ümummilli Liderin hakimiyyətinin ikinci mərhələsi təlatümlü, ziddiyyətli, ictimai-siyasi gərginliklərlə səciyyələnən bir dövrə təsadüf etmişdir. Ancaq dahi şəxsiyyətin Vətən sevgisi, özünə xas uzaqgörənliyi, siyasi müdrikliyi, iradə yenilməzliyi sayəsində ölkəmiz fəlakətlərdən xilas olmuşdur.
Məruzəçi Azərbaycan dövlətçiliyinin inkişafında misilsiz tarixi xidmətləri olan, milli dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin zəngin və həmişəyaşar irsinin sistemli şəkildə araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliğinin ən vacib məsələlərdən biri olduğunu qeyd etmişdir.