RƏSMİ XRONİKA
BÜLBÜLÜN 110 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
2007-ci ilin iyun ayında Azərbaycan professional vokal sənətinin banisi, görkəmli müğənni və pedaqoq Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 110 illiyi tamam olur.
Azərbaycan mədəniyyəti tarixinə milli və Avropa vokal məktəbi ənənələrinin uğurlu sintezinin yaradıcısı kimi daxil olmuş Bülbülün dünya klassiklərinin və Azərbaycan bəstəkarlarının opera əsərlərində oynadığı partiyalar, ifa etdiyi muğam və xalq mahnıları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.
Milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliğində misilsiz xidmətlər göstərmiş Bülbülün 110 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Bülbülün 110 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 aprel 2007-ci il.