Buxarestdə 28 May -Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib
Buxarest, 29 may, AZƏRTAC
Azərbaycanın Rumıniyadakı səfirliyi 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə fəxri qonaq qismində Rumıniya Senatının sədri Anka Dana Draqu, Rumıniya Prezidenti Administrasiyasının, Nazirlər Kabinetinin, Xarici İşlər Nazirliyinin əməkdaşları, deputatlar, dini xadimlər, tanınmış iş adamları, aparıcı KİV nümayəndələri, mədəniyyət, elm, təhsil ocaqlarının rəhbərləri, Rumıniyada akkreditə olunmuş diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, burada yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbirdə Azərbaycanın və Rumıniyanın Dövlət himnləri səsləndirilib.
Qəbulu giriş sözü ilə açan Azərbaycanın Rumıniyadakı səfiri Hüseyn Nəcəfov qonaqları salamlayaraq, mayın 28-də qeyd olunan Respublika Gününün dünya azərbaycanlıları üçün tarixi əhəmiyyət kəsb edən hadisə olduğunu diqqətə çatdırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də elan olunduğu, Azərbaycanda Şərq aləmində ilk dəfə demokratik, hüquqi dövlət yarandığı, qısa bir zamanda dövlətimizin müstəqilliyinin əsaslarının qurulduğu barədə danışıb.
Səfir, Azərbaycanın 1991-ci ildə yenidən öz müstəqilliyinə qovuşduqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında zəngin dövlətçilik ənənələrinin bərpa və inkişaf etdirildiyini, bu siyasətin Prezident İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirildiyini, müasir Azərbaycanın siyasi sabitliyə, dinamik inkişafa malik ölkə kimi tanındığını diqqətə çatdırıb. Diplomat qeyd edib ki, məhz bu siyasətin nəticəsidir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında dövlətimiz 44 günlük Vətən müharibəsində mütləq Qələbə qazanıb və torpaqlarımızın ərazi bütövlüyünü təmin edib.
Azərbaycan-Rumıniya əlaqələrindən danışan diplomat, ikitərəfli münasibətlərimizin ənənəvi olaraq dinamik şəkildə inkişaf etdiyini, Rumıniyanın Azərbaycanın regionda yeganə Strateji Tərəfdaşı, həmçinin Avropa İttifaqında ən yaxın təfərdaşlarından biri olduğunu qeyd edib.
Tədbirdə fəxri qonaq qismində iştirak edən Rumıniya Senatının sədri Anka Draqu çıxış edərək Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib və Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk Avropa ölkəsi olduğunu, münasibətlərimizin inkişaf edərək Strateji Tərəfdaşlıq səviyyəsinə çatdığını söyləyib. Azərbaycanın müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk parlamentli respublika olduğunu xüsusi vurğulayıb, iki ölkə arasındakı iqtisadi münasibətlərə toxunaraq bu sahədə səmərəli əməkdaşlığın genişləndirilməsinə ümidini qeyd edib.
Qəbulda Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ilə bağlı, eləcə də ölkəmizin tarixini, mədəniyyətini, iqtisadiyyatını, turizmini tərənnüm edən videoçarxlar nümayiş etdirilib, milli mahnılarımız səsləndirilib, qonaqlara Azərbaycan milli mətbəxinin nümunələri təqdim olunub.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest