Cahongir Abduraxmonov: Azərbaycan və Özbəkistan birgə media və kino layihələri icra edir
Daşkənd, 18 avqust, AZƏRTAC
Özbəkistan Prezident Administrasiyasının KİV üçün Kontent Hazırlama Mərkəzi fəaliyyətinin ilk ilində media sənayesinin inkişafı və kontentin keyfiyyətinin artırılması istiqamətində bir sıra layihələr həyata keçirib.
AZƏRTAC xəbər verir ki, bunu mərkəzin direktor müavini Cahongir Abduraxmonov azərbaycanlı jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, mərkəzin əsas vəzifəsi media sahəsini tənzimləmək deyil, onu stimullaşdırmaq və beynəlxalq tələblərə cavab verən keyfiyyətli, obyektiv kontentin hazırlanması üçün şərait yaratmaqdır.
O qeyd edib ki, mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biri həm də mediaya maliyyə və təşkilati yardım göstərməklə dəstək verməkdir.
Digər mühüm istiqamət dövlət qurumlarının mətbuat xidmətlərinin fəaliyyətinin koordinasiyasıdır. Hazırda Özbəkistanda regional strukturlardan tutmuş mərkəzi nazirlik və idarələrədək təxminən 800 mətbuat xidməti fəaliyyət göstərir.
“Bu gün mərkəz mətbuat katiblərinin ixtisasının artırılması, onların fəaliyyətinin metodiki təminatı və informasiya ilə işin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir”, - deyə C.Abduraxmonov bildirib.
Onun sözlərinə görə, dövlət qurumlarının yaydığı informasiyanın yalnız quru rəsmi təqdimatla məhdudlaşmaması, əhali üçün əlçatan, anlaşılan və maraqlı olması məsələsinə xüsusi diqqət yetirilir.
C.Abduraxmonov gənclərin bloqçuluq, video istehsalı və jurnalistikaya marağının artdığını bildirib. O qeyd edib ki, bu çərçivədə mərkəz tərəfindən gənclərə müasir media texnologiyaları və videokontent hazırlanmasının öyrədildiyi pulsuz təhsil platformaları yaradılır.
“Biz gənclər üçün bütün kurslarımızı tamamilə pulsuz etməyə çalışırıq”, - deyə o vurğulayıb və əlavə edib ki, təhsil proqramları il ərzində davamlı şəkildə həyata keçirilir.
Özbəkistanın xaricdəki imicinin təbliği mərkəzin fəaliyyətinin əsas istiqamətlərindən biridir. Bu çərçivədə xarici media və aidiyyəti dövlət qurumları ilə əlaqələrin inkişafına xüsusi önəm verilir.
C.Abduraxmonov, həmçinin bildirib ki, Özbəkistanda ilk dəfə Daşkənd Kontent Marketinin keçirilməsi planlaşdırılır. Tədbir çərçivəsində ölkənin media sahəsində əldə etdiyi müasir nailiyyətlər, o cümlədən kino layihələri, media məhsulları və televiziya kanalları təqdim olunacaq. Tədbir, həmçinin media sənayesinin inkişafının beynəlxalq tendensiyalarının müzakirə ediləcəyi platformaya çevriləcək.
Azərbaycanla əməkdaşlıqdan danışan mərkəzin direktor müavini bildirib ki, tərəflər arasında televiziya və kino sahələrində artıq bir sıra birgə layihələr həyata keçirilir.
“Azərbaycanlı həmkarlarımızla çoxlu sayda birgə layihələrimiz var. Bunlara televiziya verilişləri, həmçinin bədii və sənədli filmlərin birgə çəkilişləri daxildir”, – deyə o qeyd edib.
O, hazırda Daşkəndə səyahətdən bəhs edən birgə kino layihəsinin icra olunduğunu və çəkilişlərin bir hissəsinin Azərbaycanda aparılacağını bildirib.
C.Abduraxmonov Özbəkistan və Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində də media sahəsində fəal əməkdaşlıq etdiyini vurğulayıb. O, azərbaycanlı həmkarlarla təcrübə mübadiləsinə dair razılıqların əldə olunduğunu bildirib.
Özbəkistana təşkil edilən press-turu tərəflər arasında sıx tərəfdaşlığın nümunəsi kimi dəyərləndirən C.Abduraxmonov deyib: “Biz Azərbaycan cəmiyyətinə Özbəkistanın son 10 ildə əldə etdiyi nailiyyətləri göstərmək istəyirik”.
O qeyd edib ki, dövlət başçılarının mütəmadi səfərləri ikitərəfli əlaqələri möhkəmləndirir, media sahəsindəki əməkdaşlıq isə Özbəkistandakı yeniliklər barədə Azərbaycan ictimaiyyətinin daha geniş məlumatlanmasına imkan yaradır.