Cahangir Həsənzadə: Hər uğurlu oyun “Qarabağ”ı növbəti mərhələyə daha da yaxınlaşdırır
Bakı, 6 oktyabr, AZƏRTAC
“Qarabağ” “Hekken”lə matçda çox əzmkar oyun nümayiş etdirdi. Qarşılaşmanın gedişində bir neçə qırılma nöqtələri ola bilərdi. Amma komandamızın təcrübəsi bu oyunda da öz sözünü dedi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin və “Qarabağ”ın sabiq qapıçısı, AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə Ağdam təmsilçisinin UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə "Hekken"i 1:0 hesabı ilə məğlub etdiyi oyun barədə danışarkən deyib.
44 yaşlı mütəxəssis bildirib ki, H qrupunda qazanılan ardıcıl iki qələbə “köhlən atlar”ın yüksəliş dövrünü yaşadığını göstərir: “Futbolçular digər görüşlərdə olduğu kimi bu dəfə də meydanda maksimum güclərini ortaya qoya bildilər. 90 dəqiqə möhtəşəm mübarizə apardılar. Statistik göstəricilərə nəzər salsaq, oyunçuların fiziki durumlarının da yaxşı olduğunu görə bilərik. Bütün komponentlərdə rəqibdən üstün idik. Sevindirici haldır ki, İsveç təmsilçisi ilə matçda heç bir oyunçumuz kobud səhvlərlə yadda qalmadı”.
Veteran qolkiperin sözlərinə görə, qrupdakı komandaların güc nisbəti bir-birinə yaxındır: “İki qələbədən sonra komandamızın “Bayer”lə oyununu çox maraqla gözləyirik. Almaniya təmsilçisi aşkar favorit hesab olunur. Amma “Qarabağ” həm Norveç, həm də İsveç klubu ilə qarşılaşmalarda öz oyun üslubunu kifayət qədər yaxşı göstərə bildi. Ona görə də “Bayer” üçün qələbə qazanmaq elə də asan olmayacaq”.
C. Həsənzadə hər uğurlu oyunun “Qarabağ”ı növbəti mərhələyə daha da yaxınlaşdırdığını vurğulayıb: “İnanıram ki, komanda bütün gücünü ortaya qoysa, “Bayer”dən də xal ala biləcək. Amma bunun elə də əhəmiyyəti yoxdur. Əsas odur ki, sonda növbəti mərhələyə adlaya bilsinlər. “Bayer”ə məğlub olsaq belə, dəyişən bir şey olmayacaq. Altı xal həm azarkeşlərə, həm komandamıza çox ümid verir. Bu da futbolçularda əhval-ruhiyyənin artmasına birbaşa təsir göstərir”.