CASPİAN ƏND BLACK SEA MACHİNE - BUİLDİNG ƏND METALLURGY CLUB İLK İCLASINI KEÇİRMİŞDİR
CİBC-dən AZƏRTAC-a bildirmişlər ki, birliyin həmsədri, “Azneftkimyamaş” Açıq Səhmdar Cəmiyyətinin sədri Əli Qaraxanov çıxışında demişdir ki, Azərbaycanın sənaye bölməsinin və onun Xəzər-Qara dəniz regionu ölkələri ilə qarşılıqlı əlaqəsinin inkişafının təmin olunması Prezident İlham Əliyevin qarşıya qoyduğu strateji vəzifənin yerinə yetirilməsi sahəsində fəaliyyətimizin əsas istiqamətlərindəndir.
Qaraxanov Cənubi Qafqazda ön mövqeyə çıxmış və buraxılan avadanlıq üçün keyfiyyət menecmenti sisteminin tətbiqini təmin edən “Azneftkimyamaş” ASC müəssisələrində bəzi müsbət dəyişikliklərlə klub üzvlərini tanış etmişdir. Onun sözlərinə görə, hazırda “Azneftkimyamaş”ın 11 zavodu, 2 institutu və təlim mərkəzi İSO 9001:2000 sertifikatına layiq görülmüşdür. Bununla yanaşı, 5 zavod istehsal olunan neft-qaz avadanlığının 7 adına və 23 birtipli ölçüsünə dair API monoqramı almışdır. İndi ASC-nin 3 törəmə müəssisəsində - “Bakı fəhləsi” maşınqayırma zavodunda, Sabunçu Elm-İstehsal Birliyində, Balaxanı Maşınqayırma zavodunda buraxılan avadanlığa API monoqramının alınması üçün hazırlıq işləri aparılır.
Sonra iclas diskussiya və fikir mübadiləsi formasında davam etdirilmişdir. Xəzər İşgüzar İnteqrasiya Klubunun prezidenti və baş icraçı direktoru Telman Əliyevin sözlərinə görə, CİBC-də bir neçə sahə klubu fəaliyyət göstərir. Sahə klublarının bütün təşkilati və maliyyə problemləri ilkin mərhələdə CİBC tərəfindən həll olunur. Caspian ənd Black Sea Machine - Building ənd Metallurgy Club-u çərçivəsində Astana, Kiyev və İstanbulda, Xəzər-Qara dəniz regionunun digər şəhərlərində görüşlər keçirmək planlaşdırılmışdır. T.Əliyev demişdir: “Hazırda şirkətlərin maşınqayırma, metallurgiya sahəsində qarşılaşdıqları problemləri klub çərçivəsində həll etmək məqsədilə müəyyənləşdiririk”.
Klub üzvləri, dövlət qurumlarının, o cümlədən Vergilər Nazirliyinin, Dövlət Gömrük Xidmətinin, İqtisadi İnkişaf Nazirliyinin rəhbərləri ilə görüşlərin təşkilində maraqlı olduqlarını bildirmişlər.