“Caspian Energy Club” üzvləri Azərbaycanda sosial müdafiə sistemində aparılan islahatlar barədə məlumatlardırılıb
Bakı, 24 noyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov fəxri qonaq qismində “Caspian Energy Club”un tədbirində iştirak edib.
Nazirliyi İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, o, “Azərbaycanda sosial müdafiəyə yeni yanaşma” mövzusunda çıxış edərək fondun fəaliyyət istiqamətləri, əhalinin sosial sığorta sisteminin gücləndirilməsi ilə əlaqədar görülən işlər barədə məlumat verib, sosial təminat sahəsində son dövrlər Azərbaycanda həyata keçirilən islahatları diqqətə çatdırıb.
Fond sədri sosial müdafiə sahəsi üzrə əhaliyə göstərilən elektron xidmətlər və həmin sahənin təkmilləşdirilməsi sahəsində müəyyən edilmiş prioritet hədəfləri, “e-sosial” portalının həm sosial sığorta sistemi, həm də vətəndaşlar üçün yaratdığı üstünlükləri vurğulayıb. Qeyd edib ki, xidmətlərin rəqəmsallaşdırılması əhalinin bu xidmətlərdən asan və rahat şəkildə faydalanmasını təmin etməklə yanaşı, qurulmuş sistemin optimallaşdırılması imkanlarını daha da artırıb.
Bundan əlavə, sosial mediada vətəndaşların suallarının operativ cavablandırılması göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına böyük zəmin yaradıb. Sonra fondun sədri “Caspian Energy Club” üzvlərinin suallarını cavablandırıb.
Dövlət Sosial Müdafiə Fonduna “Caspian Energy Club”a fəxri üzv seçilməsi ilə əlaqədar sertifikat təqdim olunub.