“Cavad xan” filmi Macarıstanda böyük marağa səbəb olmuşdur
Budapeşt, 12 oktyabr (AZƏRTAC). Xəbər verdiyimiz kimi, oktyabrın 5-də Azərbaycanın Macarıstandakı səfirliyi, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi, “ULUS Film” prodüser mərkəzinin birgə təşkilatçılığı ilə Budapeştin “Örökmozgo” kinoteatrında “Bizim Film” prodüser mərkəzinin lentə aldığı “Cavad xan” filminin təqdimat xarakterli nümayişi təşkil olunmuşdur.
Film macar tamaşaçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Macarıstanın tanınmış DUNA telekanalı bu ekran əsərinin nümayişi ilə əlaqədar material hazırlamış, tamaşaçılarına filmin ssenari müəllifi, Xalq Şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı və filmdə baş rolun ifaçısı, Xalq Artisti Nurəddin Mehdixanlıdan alınmış müsahibələri təqdim etmişdir.
“Cavad xan” filminin nümayişinə Macarıstanın məşhur “Nepsabadşaq” qəzeti geniş məqalə həsr etmişdir. Məqalədə filmin baş qəhrəmanı Cavad xan Macarıstanın milli qəhrəmanı Kral Matiyaş ilə müqayisə olunmuşdur. Məqalədə filmdə əks olunan tarixi hadisələrlə bağlı məlumat verilmiş, Gəncə xanlığının Cavad xanın hakimiyyəti altında iqtisadi və mədəni cəhətdən yüksəlişi qeyd olunmuşdur.
Macarıstanın Karoli Qaşpar Reformator Universiteti Azərbaycanın Budapeştdəki səfirliyinə müraciət edərək filmin həmin ali məktəbdə təhsil alan tələbələr üçün göstərilməsi təşəbbüsünü irəli sürmüşdür.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt