REGİONLAR
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir





Beyləqan, 4 oktyabr, AZƏRTAC
2020-ci il oktyabrın 4-də Cəbrayıl rayonunun erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. Qırx dörd gün davam müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı və Beyləqan Tarix-Diyarşünaslıq Muzeyinin dəstəyi ilə keçirilən 4 Oktyabr – Cəbrayıl Şəhəri Gününə həsr olunmuş tədbirdə səsləndirilib.
Şəhid ailələri üzvlərinin, qazilərin, müharibə veteranlarının, təhsil və mədəniyyət işçilərinin, məktəblilərin iştirak etdikləri tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Cəbrayıl rayonu haqqında videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər Cəbrayıl rayonunun işğala məruz qalmasından, Ulu Öndər Heydər Əliyev tərəfindən ölkə iqtisadiyyatının möhkəmləndirilməsi və ordu quruculuğu istiqamətində görülən işlərdən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Cəbrayıl şəhərini azad etməsindən, 44 günlük müharibədə qazanılan şanlı Zəfərdən, eləcə də bu il sentyabrın 19-20-də həyata keçirilən antiterror tədbirlərindən bəhs ediblər.
Bildirilib ki, işğaldan azad olunduqdan sonra Cəbrayıl rayonunda aparılan genişmiqyaslı tikinti, abadlıq və quruculuq işləri hər bir Azərbaycan vətəndaşını qürurlandırır və soydaşlarımızın doğma torpaqlarına qayıdışının uzaqda olmadığı müjdəsini verir.
Sonda Beyləqan şəhər 4 saylı tam orta məktəbin şagirdləri vətənpərvərlik mövzusunda aşıq mahnıları və şeirlər səsləndiriblər.