Cəlilabadda yazlıq kartof əkininə başlanılıb
Cəlilabad, 15 yanvar, Bağır Əliyev, AZƏRTAC
Bir neçə gündür Cəlilabad rayonunda yazlıq kartof əkininə başlanılıb. Havaların mülayim keçməsi əkin prosesi üçün münbit şərait yaradıb.
Cəlilabad Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən, bu il rayonda 5 min 330 hektar ərazidə kartof əkini nəzərdə tutulub. Bunun 650 hektarı politelin örtüyü altında, yerdə qalanı isə açıq havada əkiləcək.
Rayonda kartofçuluqla məşğul olan fermerlərin və məhsul istehsalçılarının sözlərinə görə, əkindən sonra şaxtaların düşməsi bitkinin qış aylarında inkişafını ləngitməklə, yaz aylarında güclü inkişafına təkan verəcək. Bu isə yüksək məhsuldarlıq deməkdir.
Hər il olduğu kimi, bu il də rayona toxumluq kartof Rusiyadan gətirilib. Məhsul istehsalçılarının fikrinə görə, Rusiyadan gətirilən toxumlar daha tez yetişir, məhsuldarlıq isə yüksək olur.
Qışlama dövrünün normal keçməsi üçün toxumlar 15-20 santimetr dərinliyə basdırılır. Üç aydan sonra isə rayonda faraş kartofun yığımına başlanılacaq.
Mütəxəssislər hesab edirlər ki, bölgələrdə soyuducu anbarlarının sayının çoxaldılması gələcəkdə kartofun satışı zamanı meydana çıxan çətinlikləri qismən də olsa aradan qaldıra bilər. Bu isə fermerlərə məhsullarını qış aylarında yerli bazarlara çıxarmaq imkanı verir.
Qeyd edək ki, ötən il Cəlilabad rayonunda 5320 hektar sahədən 140 min 660 ton kartof məhsulu istehsal olunub. Hər hektardan götürülən məhsuldarlıq 264,2 sentner təşkil edib. Rayonda tədarük edilən kartof məhsulunun 3080 tonu xarici ölkələrə ixrac olunub.