Cenevrə Universitetində Azərbaycan tarixi və mədəniyyətinin təbliğinə xidmət edən tədbir keçirilib
Cenevrə, 4 iyun, AZƏRTAC
Cenevrədə yeni təsis olunmuş Xaricdə Yaşayan Azərbaycan Akademikləri Assosiasiyası 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan tarixi və mədəniyyətinin təbliğinə xidmət edən tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin dəstəyi ilə keçirilən tədbir Cenevrə Universitetində baş tutub. Tədbirdə Azərbaycan mətbəxinin ləziz təamları, eləcə də milli suvenirlər, kitab və informasiya materialları təqdim olunub.
Təşkilatdan bildirilib ki, bu kimi tədbirlər yaxın gələcəkdə İsveçrədəki ali təhsil ocaqları, beyin mərkəzləri, ictimai və beynəlxalq təşkilatlar, eləcə də İsveçrənin yerli qurumları ilə əməkdaşlıq çərçivəsində keçiriləcəkdir.
Qeyd edək ki, 1559-cu ildə əsası qoyulan Cenevrə Universiteti dünya miqyasında tanınır və dünyanın ən yaxşı 100 universiteti arasında yer alır. Burada 4500-dən çox müəllim, professor heyəti çalışır və dünyanın 150-dən çox ölkəsindən 20 minədək tələbə təhsil alır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə