SİYASƏT
Cenevrədə Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə milli rəqslərimiz ifa olunub
![](/files/galleryphoto/2022/2/1200x630/16542737125550057700_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542737123498859069_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542737124343219253_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542737124165550446_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542737126373930408_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542737121626350112_1200x630.jpg)
![](/files/galleryphoto/2022/2/1200x630/16542737122022843527_1200x630.jpg)
Cenevrə, 3 iyun, AZƏRTAC
Cenevrədə 28 May - Müstəqillik Günü ilə əlaqədar rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlardakı nümayəndəliyi tərəfindən təşkil edilmiş tədbirdə Cenevrədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların təmsilçiləri, akademik və biznes dairələrinin nümayəndələri iştirak ediblər.
Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyinin rəhbəri Qalib İsrafilov 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi tarixi yol haqqında danışıb, müasir Azərbaycan dövlətinin 104 il əvvəl əsası qoyulmuş respublikaçılıq ənənələri və demokratik dəyərləri davam etdirdiyini vurğulayıb.
Postmünaqişə dövrünün reallıqları haqqında da məlumat verən səfir Ermənistanla münasibətlərin normallaşdırılması üçün Azərbaycanın səyləri davam etdirdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 30 il işğal altında qalmış torpaqlarda genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir, insanların öz doğma yurd-yuvalarına qayıtması üçün zəruri infrastruktur layihələri icra olunur. Azərbaycan bölgədə iqtisadi dirçəlişə nail olunması üçün nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası üzərində çalışır.
Tədbirin bədii hissəsində Cenevrədə yaşayan azyaşlı həmvətənlərimizin təmsil olunduğu “İrs“ rəqs qrupunun ifasında “Sarı gəlin”, “Çobani” və digər milli rəqslərimiz nümayiş etdirilib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə