CƏNUB RAYONLARINDA BANKOMATLARIN SAYI ARTIRILACAQDIR
Dövlət Sosial Müdafiə Fondundan AZƏRTAC-a bildirmişlər ki, Fondun rəhbərliyi rayonlarda bankomatların sayının artırılması ilə bağlı Beynəlxalq Banka və “Kapitalbank”a müraciət etmişdir.
Fondun sədri Səlim Müslümov demişdir ki, bütün rayonlarda araşdırma aparılmış, təkliflər hazırlanmışdır. Məlum olmuşdur ki, yeni bankomatlara, əsasən, cənub rayonlarında ehtiyac duyulur.
Qeyd edək ki, pensiyaların plastik kartlarla verilməsi Cənubi Qafqazda ilk dəfə olaraq Azərbaycanda həyata keçirilmişdir. Hazırda respublikanın şəhərlərində yaşayan pensiyaçıların 100 faizi, kəndlərdə isə 70 faizi pensiyalarını bankomatlardan alır. Ümumilikdə pensiyaların 87 faizi, yəni 961,4 min nəfərin pensiyaları plastik kartlarla ödənilir. Bu məqsədlə 417, o cümlədən kənd və qəsəbələrdə 51 əlavə bankomat qoyulmuşdur. Sosial sığorta vəsaiti hesabına verilən sosial müavinətlərin ödənişi də avtomatlaşdırılmışdır.