Cənubi Koreyada Ulu Öndərin xatirəsinə həsr olunmuş turnirə 30-dan çox həvəskar şahmatçı qatılıb
Pekin, 14 may, AZƏRTAC
Koreya Respublikasının İnçon şəhərində yerləşən İnha Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Koreya Respublikasındakı səfirliyinin, Bakı Mühəndislik Universiteti və İnha Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində hazırda təhsillərini sonuncu kursda davam etdirən azərbaycanlı tələbələrlə birlikdə təşkil etdiyi tədbirdə 30-dan çox gənc həvəskar şahmatçı iştirak edib.
Turnirin açılışında Ulu Öndər Heydər Əliyevin həyatına dair video-çarx nümayiş olunub.
Səfirliyinin nümayəndəsi Vüqar Qafarov müasir Azərbaycan dövlətçiliyinin formalaşmasının, eləcə də ölkəmizin bugünkü uğurlarının Heydər Əliyevin adı və siyasi irsi ilə sıx bağlı olduğunu vurğulayıb. O, Ulu Öndərin gənclərin sağlam ruhda yetişməsi və onların intellektual qabiliyyətinin artırılmasına böyük diqqət yetirməsindən bəhs edib, bu istiqamətin bu gün də Azərbaycan dövlətinin fəaliyyətində əhəmiyyətli yer tutduğunu diqqətə çatdırıb.
Turnirin təşkilində yaxından iştirak etmiş, İnha Universitetinin tələbəsi, peşəkar şahmatçı Jalə Kərimli turnirin qaydaları barədə məlumat verib. O, Ulu Öndərin anadan olmasının ildönümünə həsr olunmuş yarışda azərbaycanlı tələbələrlə yanaşı, əcnəbilərin də iştirakını məmnunluqla qeyd edib.
Yarışın sonunda kişi və qadınlar arasında ilk 3 yeri tutan iştirakçılar sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbirdə Azərbaycan musiqisindən ifalar, xalq rəqslərimiz və milli mətbəximizin nümunələri təqdim edilib.