Cənubi Koreyaya sığınan KXDR-in sabiq diplomatı parlament seçkilərində qələbə qazanıb
Pekin, 17 aprel, AZƏRTAC
Cənubi Koreyaya sığınmış Koreya Xalq Demokratik Respublikasının (KXDR) sabiq diplomatı Te Yon-ho parlament seçkilərində majoritar qaydada təşkil olunan səsvermədə qalib gəlib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Te Yon-honun Cənubi Koreyanın Milli Assambleyasına deputat seçilməsi şimaldan cənuba sığınan koreyalının qanunverici orqana majoritar qaydada üzv seçilmə üzrə ilk hadisədir. Te Yon-ho seçkilərə ana müxalif qüvvə olan Vahid Gələcək Partiyasının namizədi kimi paytaxt Seulun məşhur Qanqam rayonundan namizəd olmuşdu. O, dairə üzrə seçicilərin 58,4 faizinin səsini toplayaraq, hakim Demokrat Partiyasının namizədinə qalib gəlib.
"Mən bütün qüvvəmi parlamentin və hökumətin reallığı üzə çıxarmasına, Şimali Koreyaya qarşı davamlı siyasət həyata keçirməsinə həsr etməyi planlaşdırıram",- deyə Te Yon-ho qələbəsi məlum olandan sonra bildirib.
Qeyd edək ki, KXDR-in Böyük Britaniyadakı səfirinin müavini vəzifəsində çalışarkən 2016-cı ildə Cənubi Koreyaya sığınan Te Yon-ho Şimali Koreyanın təqiblərindən yayınmaq üçün başqa adla seçkiyə qatılmışdı. Şimali Koreyadan sığınan digər namizəd Ci Sonq-ho isə Gələcək Koreya Partiyasından proporsional qaydada seçkidə qalib gəlib.
Ötən illərdə 33 mindən çox şimallı Cənubi Koreyaya sığınıb. Onların son illər siyasi sahədə fəallığı gözə çarpır.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin