CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT PROQRAMININ DÖRDÜNCÜ MƏRHƏLƏSİ HƏYATA KEÇİRİLİR
Mərasimdə Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev çıxış edərək bildirdi ki, bu proqram Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının icra etdiyi regional xarakterli layihədir və qısaca SCAD proqramı adlandırılır. Bu proqram ölkəmizdə 2001-ci ildən etibarən Azərbaycan Respublikasının dövlət komissiyasının razılığından sonra fəaliyyətə başlamışdır. Üç ildən artıq müddətdə Avropa Birliyi Cənubi Qafqazda narkotiklərə nəzarət proqramına təxminən 1 milyon avro vəsait sərf etmişdir. Bu vəsait də əsasən narkotiklərin respublikamızın daxilində qeyri-qanuni dövriyyəsi ilə mübarizə aparan dövlət strukturlarına çatdırılmışdır.
Azərbaycanda narkotiklərin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması məqsədi ilə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti mühüm işlər görürlər. Onların da yeni, müasir texnologiyaya və avadanlığa, yeni metodologiyalara ehtiyacı duyulmaqdadır. Bunu təmin etmək üçün Avropa Birliyinin ayırdığı vəsait həmin dövlət strukturlarına çatdırılır.
Bu proqramın bir istiqaməti də Azərbaycan Respublikasının yerli qanunvericiliyini təkmilləşdirmək, onu beynəlxalq standartlara uyğunlaşdırmaq və Azərbaycanın qoşulduğu konvensiyalarla uzlaşdırmaq, sənədlərdən irəli gələn öhdəlikləri yerinə yetirməkdən ibarətdir. Azərbaycan hökuməti bu sahədə artıq xeyli iş görmüşdür.
Mərasimdə BMT-nin İnkişaf Proqramının təmsilçisi Devid Eyzenberq, Avropa Evinin əlaqələndiricisi Yanni Boşer, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədri Mahmud Nəbiyev, respublika prokurorluğunun idarə rəisi Əziz Seyidov və başqaları çıxış edərək SCAD proqramının əhəmiyyətini dəyərləndirdilər.
Qeyd olundu ki, bu proqramın əsas istiqamətlərindən biri də antinarkotizmə dair Azərbaycan Respublikasının qanunvericiliyini daha da təkmilləşdirmək, BMT-nin bu sahədə qəbul etdiyi hər üç konvensiyanın müddəalarına uyğunlaşdırmaqdır. Bu məqsədlə beynəlxalq ekspertlərin, nüfuzlu ölkələrin mütəxəssislərinin iştirakı ilə hələ iyun ayında prokurorluq orqanlarının işçiləri və hakimlər üçün “Ekstradisiya və qarşılıqlı hüquqi yardıma dair beynəlxalq hüquq normalarının yerli qanunvericilik və təcrübədə tətbiqi”nə həsr olunmuş seminar keçirilmiş, onun yekunları ilə bağlı yerli və xarici mütəxəssislərin tövsiyələri nəzərə alınmış, hesabat müvafiq dövlət qurumlarına göndərilmişdir. Mərasimdə, həmçinin qeyd edildi ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq SCAD layihəsinin IV mərhələsində hüquqi yardım çərçivəsində hakimlər və prokurorluq işçilərinin qanuni fəaliyyətinin səviyyəsini və məhsuldarlığını daha da yüksəltmək məqsədi ilə beynəlxalq ekspertlər Azərbaycana səfər etmiş və müvafiq dövlət qurumlarında bir sıra mühüm görüşlər keçirmişlər. Ekspertlərin tövsiyəsinə görə, əsasən Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin və Azərbaycan Respublikası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsinin müvafiq texniki avadanlıqla təchiz olunması planlaşdırılmışdır. Həmin texniki avadanlıq bu gün sahiblərinə çatdırılır.
Mərasim başa çatdıqdan sonra onun iştirakçıları hüquq mühafizə orqanlarına təqdim edilən texniki avadanlıqla tanış oldular.