Cənubi Qafqazda təhlükəsizlik təkcə bu region üçün deyil, bütövlükdə Avropa üçün vacibdir
Tbilisi, 24 fevral, AZƏRTAC
Fevralın 24-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində “Abxaziya, Osetiya, Dağlıq Qarabağ münaqişələri və perspektiv həlli yolları” mövzusunda konfrans keçirilib.
Konfransı açan universitetin Qafqazşünaslıq İnstitutunun direktoru, professor Tsira Baramidze deyib ki, tədbirin məqsədi Cənubi Qafqazda baş verən prosesləri, xüsusən də Dağlıq Qarabağ, Abxaziya və Osetiya münaqişələrinin başvermə səbəblərini, acı nəticələrini müzakirə etmək, həlli yolları barədə fikirləri bölüşməkdir.
Universitetin prorektoru Mixeil Çxenqeliya münaqişələrin başvermə səbəblərinin və nəticələrinin gənc nəslə çatdırılmasında bu cür tədbirlərin əhəmiyyətini qeyd edib.
Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov tədbirdə çıxış edərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə məlumat verib, Xocalı soyqırımının bu münaqişənin ən dəhşətli səhifələrindən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, Xocalı faciəsi təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətdir. Səfir gənc nəslin Dağlıq Qarabağ, Abxaziya, Osetiya münaqişələri barədə məlumatlandırılmasının, bu faciələri törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Milli Məclisinin deputatı Elman Məmmədov çıxışında Abxaziya, Osetiya və Dağlıq Qarabağ münaqişələri arasında paralellər aparıb, beynəlxalq terrorizmin acı nəticələrindən danışıb. O deyib ki bu cür cinayətlər bir mərkəzdən idarə olunur. Beynəlxalq ictimaiyyət münaqişələrə, Xocalı faciəsi kimi qanlı cinayətlərə kəskin münasibət bildirməlidir ki, gələcəkdə bu cür hallar təkrar olunmasın.
Tarixçi alim Mamuka Areşidze çıxışında Azərbaycan və gürcü xalqlarının oxşar tarixinə, Cənubi Qafqazda baş verən münaqişələrin tarixinə nəzər salıb, dost və qardaş xalqlarımız arasındakı birliyin əhəmiyyətindən danışıb.
Sonra konfransda “Dağlıq Qarabağ münaqişəsinin məqsədi və həlli yolları”, “Gürcü-Abxaz münaqişəsi: münaqişələrin əsas aspektləri və həlli yolları”, “Qafqazda sabitlik və tərəfdaşlıq modeli: XXI əsrin siyasi coğrafiyasında” və s. mövzularda məruzələr dinlənilib.
AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əməkdaşı, “Abidələri Mühafizə Təşkilatı” İctimai Birliyini sədri Faiq İsmayılov konfransda “Cənubi Qafqazda hərbi münaqişələrin yaranmasının səbəbləri və problemdən çıxış yolları” mövzusunda məruzə ilə çıxış edib.
Məruzə və çıxışlarda dünyada və Cənubi Qafqazda baş verən münaqişələrin acı nəticələrindən bəhs edilib. Bildirilib ki, Cənubi Qafqaz hər zaman güc mərkəzilərinin diqqət mərkəzində olub. Dağlıq Qarabağa həsr olunmuş məruzələrdə qeyd edilib ki, Cənubi Qafqazda baş verən münaqişələr əsasən ermənilərin bu regiona köçürülməsindən sonra başlayıb. Onları Cənubi Qafqaza köçürənlər regionu daim gərginlik altında saxlamağa çalışıblar. Bu gün postsovet məkanında baş verən 8 münaqişədən 3-ü məhz Cənubi Qafqazdadır. Bu, bir daha Cənubi Qafqaz regionunun əhəmiyyətini göstərir.
Məruzələr ətrafında aparılan diskussiyalarda Xocalı faciəsinin bütöv bir xalqa qarşı soyqırımı aktı olduğu bir daha qeyd olunub. Beynəlxalq ictimaiyyətin bu faciəyə siyasi qiymət verməsinin, cinayətkarların cəzalandırılmasının vacibliyi vurğulanıb.
Çıxışlarda bir fikir xüsusi vurğulanıb ki, Cənubi Qafqazda təhlükəsizlik təkcə bu region üçün deyil, bütövlükdə Avropa üçün vacibdir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi