“ÇAKLALA” HƏRBİ HAVA BAZASINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev İslamabad şəhərinə gəlmişdir.
Azərbaycanın və Pakistanın dövlət bayraqları və dövlətimizin başçısını salamlayan transparantlarla bəzədilmiş “Çaklala” hərbi hava bazasında Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlətimizin başçısı İlham Əliyevi təyyarənin pilləkəni yanında Pakistanın müdafiə sənayesi naziri Həbibulla Xan Varraix, ölkənin digər yüksək vəzifəli şəxsləri, Azərbaycanın İslamabaddakı səfiri Eynulla Mədətli, Pakistanın Bakıdakı səfiri Məhəmməd Hafiz böyük hörmət və ehtiramla qarşıladılar.
Milli geyimli oğlan və qız Prezident İlham Əliyevə gül dəstəsi təqdim etdilər. Dövlətimizin başçısının gəlişi şərəfinə toplardan yaylım atəşi açıldı.
Azərbaycan Prezidenti İlham Əliyev fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə onun üçün ayrılmış iqamətgaha - “Marriott” mehmanxanasına gəldi. Avtomobil karvanının keçdiyi yol boyu dövlətimizin başçısını salamlayan transparantlar asılmışdı.