Çikaqoda uşaq meydançasının yaxınlığında kütləvi atışma zamanı 7 nəfər yaralanıb VİDEO
Vaşinqton, 5 avqust, AZƏRTAC
Çikaqo şəhərinin qərb hissəsində yerləşən Duqlas parkındakı uşaq meydançasının yaxınlığında bazar günü baş verən kütləvi atışma zamanı 7 nəfər yaralanıb.
AZƏRTAC bu barədə Amerika KİV-lərinə istinadla xəbər verir.
Hadisənin şahidləri polisə atışmanın gecə saatlarında baş verməsi, qara rəngli “Camaro” markalı avtomobilin parka yaxınlaşması və onun sürücüsünün parka ziyarətə gələnlərə atəş açması barədə danışıblar.
Polisin məlumatına görə qasıqdan yaralanan 21 yaşlı oğlan Sinay xəstəxanasına çatdırılıb. Əlindən və ayağından yaralanan 25 yaşlı qız və müxtəlif dərəcəli xəsarət alan digər yaralılar da xəstəxanaya aparılıb.
Polisin bildirdiyinə görə, atışma ilə bağlı hələlik heç kim həbs edilməyib. Hüquq-mühafizə orqanları son 36 saat ərzində El-Paso və Deytonda iki kütləvi atışma ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton