Çimərlik ərazilərində tullantı sularının idarə olunması ilə bağlı növbəti reyd keçirilib
Bakı, 30 iyul, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Xəzər dənizinin Bakı, Sumqayıt, şimal və cənub sahil zolaqlarında fəaliyyət göstərən ictimai-iaşə obyektlərində tullantı sularının idarə olunması vəziyyəti ilə bağlı növbəti reydlər keçirib. Reydlər zamanı bundan əvvəl verilmiş məcburi göstərişlərin icra vəziyyəti yoxlanılıb.
Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova AZƏRTAC-a bildirib ki, reydlər zamanı Xaçmaz rayonu ərazisində fəaliyyət göstərən “Palma”, “Riverin”, “Ober Lyuks”, “El Faro”, “Təhsil”, “Atlant” istirahət mərkəzlərində sutəmizləyici qurğuların quraşdırıldığı, Sumqayıtda fəaliyyət göstərən “Dostluq”, “Caspian Breeze”, “Şərur”, “Amore”, “Nicat”, “Freqat”, “Regnum”, “Röya”, “Turan”, “Təndir”, “Qala” istirahət mərkəzlərinin çirkab sularının mərkəzi kanalizasiya şəbəkəsinə qoşulduğu müəyyən olunub.
Xaçmaz rayonundakı “Çıraqqala”, “Jalə”, Sumqayıt şəhərindəki “Duyğu”, “Liman”, “Atlantida”, “Flaqman”, “Narınqala”, Balıqçı”, “Alma”, “Neptun”, “Antalya”, “Qala”, Bakı şəhərindəki “Mirvari”, “Riyad park”, “Caspian Beach”, “1001 gecə”, “Eldarado”, “Dostluq”, “Aquapark” istirahət mərkəzlərinə bir müddət əvvəl verilmiş “məcburi göstəriş”lərin tələbləri icra edilmədiyi üçün onların fəaliyyətlərinin dayandırılması ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırılıb.
Reydlər zamanı Nabranda fəaliyyət göstərən “Lotos”, “Ulduz”, Sumqayıtda “Katamaran”, “Sahil”, “Diana”, Bakıda “Bizim sahil”, “Xəzər”, “Türkan”, “Simurq”, “Voyage”, “Qala” və “Antalya” istirahət mərkəzlərində, Lənkəran-Astara zonasında isə “Dağlar oğlu”, “Həsirli”, “Su pərisi”, “Panorama” ictimai-iaşə obyektlərində də formalaşan tullantı sularının təmizlənmədən dənizə axıdıldığı aşkar edilib və cavabdeh şəxslər barəsində akt tərtib olunub. Formalaşan tullantı sularının təmizlənməsi üçün həmin obyektlərin sahiblərinə icrası məcburi olan “məcburi göstəriş”lər verilib.