Çin ABŞ-ı koronavirusun mənşəyi məsələsini siyasiləşdirməməyə çağırıb
Bakı, 1 mart, AZƏRTAC
Çin koronavirusun mənşəyi ilə bağlı istənilən siyasi manipulyasiyanın əleyhinədir və ABŞ-ı elmə və faktlara hörmətlə yanaşmağa, bu məsələni siyasiləşdirməməyə çağırır.
AZƏRTAC xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Nin bu barədə ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Reyin bəyanatını şərh edərkən deyib.
Kristofer Rey Vaşinqtonun pandemiyaya Uxan şəhərindəki laboratoriyadan sızmanın səbəb olduğunu daha inandırıcı hesab etdiyini bildirmişdi.
XİN nümayəndəsinin sözlərinə görə, xüsusi xidmət orqanlarının elmi məsələlərlə məşğul olması öz-özlüyündə koronavirusun mənşəyi məsələsinin siyasiləşməsidir. Laboratoriya sızması fərziyyəsini növbəti dəfə ortaya atan Birləşmiş Ştatlar artıq Çinə qara yaxa bilməyəcək və öz reputasiyasını daha da korlayacaq.
Mao Nin, həmçinin qeyd edib ki, ABŞ beynəlxalq ictimaiyyətin pandemiya ilə mübarizədə birliyinə və koronavirusun mənşəyinin izlənilməsi sahəsində elmi əməkdaşlığa mane olmamalıdır.