Çin Əfqanıstana dair mövqeyini açıqlayıb
Bakı, 12 aprel, AZƏRTAC
Çin Əfqanıstanın müstəqilliyinə və suverenliyinə hörmətlə yanaşır, onun daxili işlərinə qarışmır və ikitərəfli münasibətlərdə şəxsi maraqlarını güdmür.
AZƏRTAC xəbər verir ki, bu barədə ÇXR Xarici İşlər Nazirliyinin dərc etdiyi sənəddə deyilir. Sənəddəki 11 maddə ilə Pekinin Əfqanıstan məsələsinə dair mövqeyi açıqlanıb.
“Çin Əfqanıstanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə, əfqan xalqının dini inancları və etnik adətləri ilə bağlı müstəqil seçiminə hörmətlə yanaşır. ÇXR heç vaxt Əfqanıstanın daxili işlərinə qarsımayacaq, şəxsi maraq güdməyəcək və münasibətlərdə onu təsiri altına salmağa çalışmayacaq”, - deyə sənəddə bildirilir.
Pekin Kabilin açıq və inklüziv siyasi struktur quracağına, balanslı daxili və xarici siyasət yürüdəcəyinə, digər ölkələrlə, xüsusən qonşuları ilə dostluq münasibətlərini saxlayacağına ümid edir, Kabilin “Bir kəmər - bir yol” layihəsinin müştərək inşasında iştirakını alqışlayır. ÇXR imkanı daxilində Əfqanıstanın bərpası və inkişafi üçün yardım göstərməyə davam edəcək.
Çin öz mövqeyini Əfqanıstanla qonşu olan ölkələrin aprelin 13-də Səmərqənddə keçirilməsi planlaşdırılan nazirlər səviyyəsində dördüncü konfransı ərəfəsində açıqlayıb. Konfransda Çinlə yanaşı Pakistan, Tacikistan, Türkmənistan, Özbəkistan, İran və Rusiyanın iştirakı gözlənilir.