ELM VƏ TƏHSİL
Çin Sosial Elmlər Akademiyasının nümayəndələri BDU-da
Bakı, 20 sentyabr, AZƏRTAC
Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Qao Venşunun rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
BDU-dan AZƏRTAC-a bildirilib ki, rektor Elçin Babayev qonaqlara universitetin tarixi, strukturu, beynəlxalq əlaqələri, tədris və elmi fəaliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, 25 minə yaxın tələbəsi olan BDU-nun 16 fakültəsi, bir kolleci, bir liseyi, Qazax filialı fəaliyyət göstərir. Təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir.
Çin Sosial Elmlər Akademiyasının vitse-prezidenti Qao Venşu Çində təhsil almaq istəyən azərbaycanlı tələbələrə təhsil təqaüdlərinin ayrılmasında maraqlı olduqlarını bildirib. Qeyd edib ki, akademiyada təhsil ingilis və Çin dillərində həyata keçirilir.
Tərəflər arasında tədris, elmi-tədqiqat və sosial fəaliyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.