Çində quş qripinə yoluxan qadın həyatını itirib
Bakı, 13 aprel, AZƏRTAC
Çin Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) quş qripinin A (H3N8) ştamına yoluxmuş bir nəfərin öldüyü barədə məlumat verib.
AZƏRTAC ÜST-ə istinadla bildirir ki, Çin Milli Səhiyyə Komissiyası martın 27-də bir nəfərdə A (H3N8) virusunun aşkarlandığı barədə məlumat paylaşıb. Çində quş qripinə yoluxduğu qeyd edilən xəstənin Quanqdonq əyalətində yaşayan 56 yaşlı qadın olduğu bildirilib.
Fevralın 22-də xəstəliyə tutulan şəxs ağır pnevmoniya ilə əlaqədar martın 3-də xəstəxanaya yerləşdirilib və martın 16-da dünyasını dəyişib.
Yeni bildirilən hal üzrə epidemioloji araşdırma nəticəsində dünyasını dəyişən şəxsin təmasda olduğu insanlar arasında yoluxma halı aşkar edilməyib.
Bu virusun insandan insana asanlıqla yayılmadığı və bu səbəbdən insanlar arasında yayılma riskinin az olduğu güman edilir.
Qrip viruslarının öz təbiətinə görə daim təkamüldə olduğunu bildirən ÜST, insan və ya heyvan sağlamlığına təsir göstərə biləcək dövriyyədə olan qrip virusları ilə bağlı virusoloji, epidemioloji və klinik dəyişiklikləri aşkar etmək üçün qlobal müşahidənin vacibliyini vurğulayıb.
Çinin Milli Səhiyyə Komissiyası 2022-ci ilin aprelində A (H3N8) tipli quş qripinin ilk insan yoluxmasını aşkar edildiyini açıqlayıb.