Çinin paytaxtında COVID-19-un yeni ocağı aşkarlanıb
Pekin, 13 iyun, AZƏRTAC
Çin paytaxtı Pekindəki “Sinfandi” ət və kənd təsərrüfatı məhsullarının topdansatış bazarı COVID-19 infeksiyasının yeni ocağına çevrilib.
AZƏRTAC xəbər verir ki, son üç gün ərzində Pekində qeydə alınan 7 yerli yoluxma halının hamısı paytaxtın Fentay rayonundakı həmin bazarla bağlı olub.
Pekinin Xəstəliklərə Nəzarət Və Profilaktika Mərkəzinin direktor müavini Pan Sinquo mətbuat konfransında bildirib ki, son günlər paytaxtda yeni növ koronavirusa yoluxan şəxslər ya həmin bazarda işləyən, ya da oraya baş çəkən şəxslərdir. Bazarın piştaxtalarından və orada satılan məhsullardan götürülən nümunələrin analizinin nəticələri pozitiv çıxıb. Şəhər hökuməti gecə saat 3 radələrində “Sinfandi” bazarını, habelə paytaxtda kənd təsərrüfatı məhsullarının satıldığı digər 6 topdansatış mərkəzini bağlayıb. Bazarlarda çalışan 1940 işçi test edilib ki, onların 46 nəfərinin cavabı pozitiv çıxıb. Həmin şəxslərdə heç bir xəstəlik əlaməti olmasa da, tibbi nəzarət altına alınıblar.
Fentay rayonunda müharibə şəraitinə bənzər nəzarət tədbirlərinə başlanılıb. Bu məqsədlə xüsusi qərargah yaradılıb. “Sinfandi” bazarının yaxınlığında yerləşən 11 məhəlləyə giriş-çıxış tam dayandırılıb, habelə ərazidəki bir orta məktəb və 6 uşaq bağçası bağlanıb. Səlahiyyətli qurumlar mümkün yoluxma hallarının müəyyən edilməsi üçün mayın 30-dan bəri bazara baş çəkənlərin, habelə orada çalışanların yaxın təmasda olduğu şəxslərin müəyyən edilərək testdən keçirilməsi prosesinə başlayıblar.
Şəhər hökuməti paytaxtda turizm və idman tədbirlərini təxirə salıb. Bütün kafe, restoranlarda, çatdırılma xidməti həyata keçirən şirkətlərdə sanitar-epidemioloji nəzarət tədbirləri gücləndirilib.
Qeyd edək ki, Pekində daxili ötürülmə yolu ilə yeni növ koronavirusa yoluxmuş sonuncu xəstə sağaldıqdan sonra iyunun 8-də evə buraxılmış və bununla da şəhərdə virusa yoluxmuş şəxsin qalmadığı açıqlanmışdı. Amma iyunun 11-də 56 günlük fasilədən sonra Pekində yenidən COVID-19 virusuna daxili ötürülmə yolu ilə yoluxma qeydə alınıb. Pekin hökumətinin təhsil komissiyası şəhərdə yenidən virusa yoluxma hallarının aşkarlanmasından sonra orta məktəblərin 1-3-cü sinif şagirdləri üçün iyunun 15-də dərslərin başlaması ilə bağlı qərarını ləğv edib.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin