Çiril Qaburic: Prezident İlham Əliyevin aktual məsələlərə dair mövqeyini bilmək olduqca maraqlı idi
Bakı, 29 may, AZƏRTAC
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə səslənən sualların mövzuları fərqli sahələri əhatə edirdi və Prezident İlham Əliyevin aktual məsələlərə dair mövqeyini bilmək olduqca maraqlı idi.
Bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Moldovanın sabiq Baş naziri Çiril Qaburic mayın 20-də keçirilən müzakirələrin onda doğurduğu təəssüratlardan danışarkən deyib.
Moldovanın sabiq Baş nazirinin fikiləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə AZƏRTAC-ın birgə layihəsi çərçivəsində təqdim olunur.
“Əlbəttə ki, bu, Prezident İlham Əliyevin bir dövlət rəhbəri və siyasətçi kimi təkcə siyasət və cəmiyyətlə bağlı deyil, həm də qabaqcıl texnologiyalar barədə daha zəngin və məlumatlı olması ilə əlaqədardır. Bütün suallara aydın və birmənalı şəkildə cavab verməklə Prezident müxtəlif dövlətlərin nümayəndələrinin iştirak etdiyi geniş auditoriya ilə asanlıqla söhbət aparmaq bacarığını nümayiş etdirdi. Prezident İlham Əliyev sanki saatlarla dayanmadan belə müzakirə apara bilərdi”, - deyə Çiril Qaburic bildirib.
Onun fikrincə, müzakirələr yüksək səviyyədə təşkil olunmuşdu. Tədbirdə iştirakçıların sayının çox olması, eləcə də maraqlı və çoxsaylı suallar da bunu təsdiqləyir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi kimi təşkilatlara böyük ehtiyac var. Ortaq mövzularla bağlı fərqli fikirlərin bir arada səslənməsi çox vacibdir. Bu fikirləri bölüşmək və onların hamı tərəfindən eşidilməsini təmin etmək də xüsusi önəm daşıyır.
“Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin digər beynəlxalq təşkilatların üzvü və ya iştirakçısı olmasını, bu cür müzakirələrin ortaq platformaya çevrilməsini təklif edərdim. Bu Mərkəzin məhdud sayda insanlarla gördüyü işlər sadəcə möhtəşəmdir”, - deyə Moldovanın sabiq Baş naziri bildirib.
Xatırladaq ki, layihə çərçivəsində bundan əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri - İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) sabiq Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Rumıniyanın sabiq Baş naziri Petre Roman və İslam Əməkdaşlıq Təşkilatının 9-cu Baş katibi Ekmələddin İhsanoğlu da “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrlə bağlı təəssüratlarını bölüşüblər.