DÜNYA
Ciorcia Meloni: İtaliya Rusiya-Ukrayna məsələsində sülhün və diplomatik həllin tərəfdarıdır
Roma, 14 may, AZƏRTAC
İtaliyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski Romada Prezident Sercio Mattarella və Baş nazir Ciorcia Meloni ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Sercio Mattarella Volodimir Zelenskini Kuirinale Sarayında qəbul etməkdən məmnunluq duyduğunu, İtaliyanın daim Ukraynanın yanında olacağını deyib.
Prezidentlər Ukraynanın Avropa İttifaqına üzvlüyü, Zaporojye AES-in demilitarizasiyası, ölkədəki yenidənqurma və bərpa işlərində İtaliyanın iştirakı, Rusiyaya qarşı iqtisadi sanksiyaların effektivliyi kimi məsələləri müzakirə ediblər. Görüşdə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani də iştirak edib.
Volodimir Zelenski daha sonra İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb. C.Meloni İtaliyanın Ukraynanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini tam dəstəklədiyini bildirib. Baş nazir İtaliyanın sülhün və diplomatik həllin tərəfdarı olduğunu vurğulayıb.
Qeyd edək ki, V.Zelenski Rusiya-Ukrayna müharibəsindən sonra ilk dəfə İtaliya paytaxtına gəlib. Ukrayna Prezidentinin səfəri ərəfəsində təhlükəsizlik tədbirləri gücləndirilib və mindən çox polis cəlb olunub, Romanın hava məkanı uçuşlara bağlanıb.
Roma