“Cisco”nun vitse-prezidenti: “Bakı innovasiyalar üçün regional mərkəzə çevrilə bilər”
Bakı, 16 fevral, AZƏRTAC
Bakı innovasiyalar, o cümlədən hərtərəfli internet sahəsində regional mərkəzə çevrilə bilər.
Bu haqda şəbəkə avadanlığının işlənib hazırlanması sahəsində ixtisaslaşmış Amerikanın transmilli şirkəti “Cisco”nun Rusiya və MDB ölkələri üzrə vitse-prezidenti Conatan Sparrou məlumat verib.
Qeyd olunub ki, Azərbaycan öz vətəndaşlarının həyatının rahatlaşdırılması məqsədilə innovasiyalı texnologiyalara və onların tətbiqinə böyük diqqət ayırır. Əgər Azərbaycan diqqətini müasir texnologiyaların tətbiqinə yönəltsə, ölkə öz sürətli inkişafını qeyri təbii sərvətlər hesabına da davam etdirə bilər. Yaxınlarda Barselona innovasiyalar paytaxtı kimi Avropa İttifaqının müvafiq mükafatını almışdır.
C. Sparrou ümid edir ki, Bakı da öz regionunda həmin mükafata layiq görüləcək. Nəzərə alsaq ki, şəhərin əsas məqsədi vətəndaşlara yaşamaq üçün keyfiyyətli şərait təmin etməkdir, sadəcə texnoloji infrastruktur qurub biznes-modellər yaratmaqdansa, qarşıya düzgün, uzaqgörən məqsədlər qoyulsa bu istəyə çatmaq olar.
Hazırda “Cisco” şirkəti ASAN Xidmət ilə sıx əməkdaşlıq edir. Şirkət həmçinin 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının keçirilməsi layihəsini də dəstəkləyir.
C.Sparrou deyib: “ASAN xidmət” də, fəaliyyət göstərən və daim inkişaf edən innovasiyalar mərkəzi də bizə müsbət təsir bağışladı. "Ağıllı" və təhlükəsiz şəhər konsepsiyası yeni biznes-modellərin, texnologiyaların, tətbiqetmələrin yaradılması üçün bir platform təqdim edir ki, bu sahənin də potensialı qlobal mobil tətbiqetmələr bazarının potensialından heç də kiçik deyil. Həm də, bu gün Bakıda yaradılan məhsullar bir müddət sonra Hindistan, ABŞ, Avropa ölkələrinin bazarlarına çıxa bilər. Bu cür texnologiyaların xaricə ixracı çox asan reallaşır, və sürətlə genişlənir”.