Coğrafiya İnstitutu illik fəaliyyətinin yekun hesabatını təqdim edib
Bakı, 26 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu 2023-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekun hesabatını təqdim edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı keçirilən iclasda AMEA Yer Elmləri Bölməsi Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra Coğrafiya İnstitutunun baş direktoru professor Zakir Eminov hesabat məruzəsi ilə çıxış edib. Müəssisə rəhbəri bildirib ki, 2023-cü ildə institut əməkdaşları öz elmi fəaliyyətlərini 2 problem əsasında - Azərbaycan Respublikası ərazisində qlobal iqlim dəyişmələrinin yaratdığı ekstremal halların ətraf mühitə və sosial-iqtisadi şəraitə təsirinin qiymətləndirilməsi və adaptasiya təkliflərinin hazırlanması və Xəzər dənizi ekosisteminin kompleks tədqiqi istiqamətlərində aparıblar. Cari ildə 14 mövzuda 17 elmi-tədqiqat işi aparılıb ki, bunlardan 10-u tamamlanıb.
O qeyd edib ki, institutun elmi işçiləri tərəfindən cari ildə 9 kitab, 5 dərs vəsaiti, 155 elmi məqalə, 8 tezis, o cümlədən yüksək indeksli jurnallarda 14 məqalə nəşr edilib. 2023-cü ilin fəlsəfə doktoru hazırlığı üzrə qəbul nəticələrinə əsasən 6 nəfər doktoranturaya (4 nəfər əyani və 2 nəfər qiyabi), 1 nəfər dissertanturaya, elmlər doktoru hazırlığı üzrə isə 4 nəfər dissertanturaya qəbul edilib. Cari il ərzində 1 nəfər magistr dissertasiya müdafiə edərək fərqlənmə diplomu ilə təhsilini başa vurub.
İnstitut tərəfindən beynəlxalq əlaqələrin genişlənməsinə xüsusi yer ayrıldığını qeyd edən professor cari ildə Rusiya, Özbəkistan, İtaliya, Çin və Qazaxıstanın elmi müəssisələri ilə əməkdaşlıq memorandumunun imzalandığını, ümumilikdə 17 ölkənin müəssisələri ilə beynəlxalq əlaqələrin uğurla davam etdiyini diqqətə çatdırıb.
Z.Eminov fundamental elmlə təhsilin qarşılıqlı əlaqəsi, qrantlar, elektron elmin vəziyyəti, nəşr fəaliyyəti, konfranslar, sessiyalar, çöl tədqiqatları, seminarlar, yubileylər və görülmüş digər işlər barədə məlumat verib.
Sonra mövzu ətrafında müzakirələr aparılıb. Geologiya və Geofizika İnstitutunun direktoru akademik Akif Əlizadə, Bakı Dövlət Universitetinin (BDU) prorektoru professor Fərda İmanov, BDU-nun kafedra müdiri professor Şövqi Göyçaylı, Coğrafiya İnstitutunun şöbə müdirləri - Rauf Qardaşov, Rza Mahmudov və Ənvər Əliyev hesabatla bağlı fikirlərini bölüşüblər.
Müzakirə və çıxışlardan sonra Coğrafiya İnstitutunun illik hesabatı yekdilliklə qəbul edilib.