Coğrafiyaçı alimlərin Xəzər Enerji Forumunda məruzələri dinlənilib
Bakı, 28 aprel, AZƏRTAC
Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru coğrafiya elmləri doktoru Zakir Eminov və institutun icraçı direktoru dosent Zaur İmrani Moskva şəhərində keçirilən “Beynəlxalq enerji təhlükəsizliyi kontekstində enerji dialoqu” adlı 15-ci Xəzər Enerji Forumunda iştirak edib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Foruma 150-dən çox beynəlxalq təşkilat və səlahiyyətli orqanların nümayəndələri, eləcə də tələbə və doktorantlar qatılıblar. İştirakçılar Xəzər dənizi ilə əlaqəli apardıqları elmi araşdırmalar və əldə etdikləri nəticələr barədə məruzə ediblər.
Coğrafiya İnstitutunun baş direktoru Z.Eminov “Azərbaycan Respublikasının davamlı sosial-iqtisadi inkişafında neft-qaz sənayesinin rolu” mövzusunda məruzə edib. O, Azərbaycanda neft-qaz sənayesinin inkişaf tarixi, Əsrin müqaviləsi, yeni neft-qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Azərbaycan Neft Fondu, qeyri-neft sektorunun inkişafı, əhalinin məşğulluğu və s. haqqında geniş məlumat verib.
İnstitutun icraçı direktoru Z.İmraninin “Xəzər dənizi karbohidrogenlərinin ekoloji təhlükəsizliyə uyğunluğu və Azərbaycanın Xəzərsahili hissəsində turizm potensialından səmərəli istifadə” mövzusunda məruzəsi dinlənilib.
Azərbaycan nümayəndələri forum çərçivəsində keçirilən Xəzər Gənclər Sessiyasında öz çıxış edərək bioresursların mühafizəsi, ekoloji maarifləndirmə və ekoloji turizm sahəsində birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflər irəli sürüblər.
Coğrafiyaçı alimlər, eyni zamanda, Rusiya Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Osokin Nikolay və Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin şöbə müdiri, Rusiyanın Əməkdar geoloqu, professor Vaqif Kərimovla elmi tədqiqatların aparılması, birgə layihələrdə iştirak, doktorantların və dissertantların elmi səviyyələrinin artırılması və s. məsələləri müzakirə ediblər.
Coğrafiya İnstitutu “Caspian Energy Forum - 2023” çərçivəsində Xəzər Enerji Dialoqunun dərinləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq Rusiya Elmlər Akademiyasının P.P.Şirşov adına Okeanologiya İnstitutunun Xəzər bölməsi və Xəzər dənizi Elmi-Tədqiqat Mərkəzi ilə əməkdaşlıq sazişi imzalayıb.