COP28-in prezidenti Nyu-York birjasında iqlim maliyyəsini artırmağa çağırıb
Bakı, 20 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri və COP28-in prezidenti təyin edilmiş Sultan bin Əhməd Əl-Cabir Nyu-York Fond Birjasında (NYSE) növbəti “Wall Street” ticarətini açaraq, dünyanın iri sahibkarlarına aydın və qəti bir mesaj verib: özəl sektor Paris Sazişinin məqsədlərinin yerinə yetirilməsini təmin etmək məqsədilə davamlı iqlim maliyyəsi üçün yeni dövrün başlanmasında öz mühüm rolunu oynamalıdır.
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, NYSE zəngini çalan COP28-in prezidenti riskləri azaldan və bank zəmanəti olan təmiz layihələrə özəl investisiyaları genişləndirən innovativ və yeni mexanizmlərin tətbiqinə çağırıb. O əlavə edib: “Dövlət və özəl sektor arasında əməkdaşlıq çox ehtiyac duyulan yeni maliyyə sistemini reallığa çevirmək üçün əsas amil olacaq. Belə ki, 4,5 milyard ABŞ dolları dəyərində Afrika yaşıl investisiya təşəbbüsü kimi proqramlar dövlət, özəl və inkişaf kapitalının əlavə vəsaiti səfərbər etmək və yaşıl layihələri həyata keçirmək istiqamətində necə istifadə oluna biləcəyinə dair bariz nümunədir”.
Noyabrda başlayacaq COP28 sammitinin əsas məqsədlərindən biri qlobal iqlim maliyyəsi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq, Paris Sazişində təsbit edilmiş hədəflərə çatmaq üçün lazım olan 4,5 trilyon dolları təmin etmək iqtidarında olan yeni çərçivəni hazırlamaq məqsədilə dünyanın birgə və effektiv şəkildə işləməsinə nail olmaqdır. Həmçinin uzunmüddətli təmiz investisiyaların çatdırılmasına kömək etmək üçün yerli maliyyə sistemlərinin inkişafına ehtiyac var.
Sultan Əl-Cabirin ABŞ-ın “Fortune” nəşrində dərc olunmuş məqaləsində qeyd edilib: “İqlim maliyyəsini səfərbər etmək çətin, lakin mümkün olan prosesdir. Buna görə də mən bütün hökumətləri, maliyyə institutlarını və biznes liderlərini bir araya gəlməyə çağırıram. Bu, COP28-dən əvvəl öz ambisiyalarını yüksəltmək və vədlərini yerinə yetirmək üçün yaxşı fürsətdir. Onlar, həmçinin daha da irəli getməli və iqlim maliyyəsini geniş miqyasda təmin etmək üçün qlobal maliyyə arxitekturasının əsaslı islahatını dəstəkləməlidirlər”.
COP28-in prezidenti vurğulayıb ki, iqlim maliyyəsi üçün təcili tələb olunan 100 milyard dollar vəsaitin toplanması mövcud qlobal maliyyə arxitekturası şəraitində çox çətindir. O əlavə edib ki, həm inkişaf bankları, həm də yardım proqramları bu hədəfə nail olmaqda mühüm rol oynayacaq.