“Creative Business Cup”ın ölkəmiz üzrə milli mərhələsinə başlanılır
Bakı, 21 fevral, AZƏRTAC
Fevralın 21-də “Holiday Inn” otelində yaradıcı və mədəniyyət sənayeləri üzrə beynəlxalq startap proqramı - “Creative Business Cup”ın (CBC) Azərbaycan üzrə bu il üçün milli mərhələsinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini, beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə çıxış edərək proqramın əhəmiyyətindən danışıb. Bildirib ki, sahibkarlıq və innovasiyalar üzrə qlobal təşəbbüs olan CBC yaradıcı və mədəniyyət sənayelərində təmsil olunan startapları dəstəkləyərək onları investorlar və qlobal bazarlarla əlaqələndirir, biznesin və cəmiyyətin inkişafı naminə onların innovativ qabiliyyətlərini daha da inkişaf etdirir. “Creative Business Cup” çərçivəsində 70-ə yaxın ölkədə tərəfdaş təşkilatları vasitəsilə baş tutan milli müsabiqələrin qalibləri Kopenhagen şəhərində hər il keçirilən beynəlxalq müsabiqədə iştirak etmək imkanı əldə edirlər.
Vurğulayıb ki, proqramın əsas tərəfdaşı Azərbaycanın Mədəniyyət Nazirliyi və əsas təşkilatçısı Sil. innovasiya mərkəzidir. Nazirlik “Creative Business Cup”ın bu il üçün müsabiqəsinə yaradıcı və mədəniyyət sənayelərinin inkişafı, bu sahədə müasir biznes təşəbbüslərini dəstəkləmək, innovativ ideyalara təkan vermək məqsədilə qoşulub. Proqram qəbul olunan startaplara və ideya müəlliflərinə geniş təkmilləşdirmə proqramı təklif edir. İnnovativ yaradıcı biznes ideyasına sahib olan hər bir şəxs - tələbə, sahibkar, startapçı, müəllim və digər iddiaçılar müraciət edə bilər.
“Social Innovation Lab (Sil.)” innovasiya mərkəzinin həmtəsisçisi Leyla Tağızadə məlumat verib ki, proqrama musiqi, film, video və fotoqrafiya, sənətkarlıq, rəssamlıq və heykəltəraşlıq, teatr, ədəbiyyat və nəşriyyat, radio və televiziya, dizayn, moda, memarlıq, reklam, kompüter oyunları və elektronika, oyuncaqlar və oyunlar, 3D çap, proqram təminatı, antik bazarlar və başqa bu kimi sahələrdən istənilən birinə aid hər hansı innovativ layihə və ya startap ideyası ilə müraciət etmək mümkündür.
Qeyd edilib ki, “Creative Business Cup” 4 əsas mərhələdən ibarətdir. Ölkə finalı aprelin 12-də keçiriləcək. Ölkədaxili kouçinq sessiyalarından sonra komandalar xarici ekspertlərin də iştirak edəcəyi münsiflər qarşısında dünya finalına vəsiqə əldə etmək üçün təqdimatlar edəcəklər. Ümumilikdə, hər ölkədən olan qalib startap komandası Danimarkanın Kopenhagen şəhərində keçiriləcək dünya finalında bir yerə toplanacaq və qabaqcıl investorlar və ekspertlər qarşısında təqdimatlar edəcəklər.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva təmsil etdiyi qurumun hər zaman belə layihələrə dəstək verdiyini diqqətə çatdırıb. Proqramın qlobal miqyasda ölkəmizi təmsil edəcəyini vurğulayan nazir müavini layihənin əhəmiyyətini diqqətə çatdırıb. “Bu sahəyə olan maraq göstərir ki, ölkəmizin böyük potensialı var və bu potensialdan geniş istifadə etmək mümkündür. Qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Mədəniyyət Nazirliyi böyük bir proqram hazırlayıb. Proqramın əsas məqsədi yaradıcı və mədəniyyət sənayesinin inkişafına dəstək göstərməkdir. İnanıram ki, proqram çərçivəsində maraqlı layihələr təqdim olunacaq”, - deyə nazir müavini qeyd edib.
Tədbirdə proqramla bağlı videoçarx nümayiş olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.