İDMAN
Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib VİDEO
Bakı, 29 noyabr, AZƏRTAC
Qadın və kişi cüdoçular arasında Azərbaycan çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir, Bakı İdman Sarayında təşkil olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Yarışda mübarizə aparan 60 idman təşkilatı video vasitəsilə cüdo həvəskarlarına təqdim edilib.
Gənclər və idman nazirinin müavini Mariana Vasileva Azərbaycanda cüdonun inkişaf etdiyini bildirib. O, ölkə çempionatında çıxış edən kişi və qadın komandalarına uğurlar arzulayıb.
Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu ölkə çempionatında ölkənin bütün regionlarından idmançıların çıxış etməsinin qürurverici hal olduğunu söyləyib. O, cüdo idman növünə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə təşəkkür edib. R.Rəsullunun sözlərinə görə, bu qayğı nəticəsində cüdoçular "Paris-2024" Yay Olimpiya Oyunlarında ölkəmizi layiqincə təmsil etdilər.
Ardınca Azərbaycan cüdoçularının dünya, Avropa və Paris Olimpiadasındakı uğurlu çıxışları ilə bağlı videoçarx nümayiş olunub. Tədbir daha sonra bədii hissə ilə davam edib.
Qeyd edək ki, builki Azərbaycan çempionatı nüfuzlu “Böyük Dəbilqə” turniri səviyyəsində təşkil olunub. Təşkilatçılıqdan yarış standartlarına qədər hər bir detal ən yüksək keyfiyyəti əks etdirir və həm idmançılar, həm də tamaşaçılar üçün unudulmaz bir təcrübə təmin edir.
Ölkə çempionatında fərdi yarışların ilk günündə 7 çəkidə 178 cüdoçu medallar uğrunda mübarizə aparır. Qadınlar arasında 63, 70, 78, +78, kişilər arasında 60, 66 və 73 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşəcək.
Cüdo üzrə Azərbaycan çempionatına dekabrın 1-də yekun vurulacaq.