İDMAN
Cüdoçular arasında Azərbaycan çempionatının püşkatma mərasimi keçirilib
Bakı, 28 noyabr, AZƏRTAC
Qadın və kişi cüdoçular arasında ölkə çempionatının püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından (ACF) AZƏRTAC-a verilən məlumata görə, tədbirdə ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri və hakimlər komitəsinin sədri Natiq Bağırov, baş katibin müavini və idman direktoru Kamran Talıbov iştirak ediblər.
R. Rəsullu 60 idman təşkilatından 320-dən çox idmançının çempionatda iştirak edəcəyini vurğulayıb. O, bu ilin Azərbaycan cüdosu üçün əlamətdar olduğunu, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında, eləcə də yeniyetmə və gənclər arasında yarışlarda tarixi nəticələrin əldə edildiyini xatırladıb, bu uğurların həm idmançılara, həm də federasiyanın gələcək fəaliyyətinə yüksək stimul yaratdığını qeyd edib. Vitse-prezident yarışların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi tədbirlərin görüldüyünü vurğulayıb. O, azarkeşləri yarışları arenadan izləməyə dəvət edib.
N.Bağırov hakimlərin təcrübəsi və peşəkarlığını vurğulayıb. Yarışların ədalətli, şəffaf keçiriləcəyinə əminliyini ifadə edərək bütün idmançılara uğurlar arzulayıb.
K.Talıbov püşkatma mərasimində yarış proqramı haqqında məlumat verib, daha sonra püşkatma start götürüb.
Qeyd edək ki, ölkə çempionatı noyabrın 29-dan dekabrın 1-dək Bakı İdman Sarayında keçiriləcək.