DAĞISTAN ALİMLƏRİ DARAQLILARLA MÜBARİZƏNİN ORİJİNAL VARİANTINI TƏKLİF EDİRLƏR
Alimlərin fikrincə, Xəzər dənizinin ekoloji sistemi fəlakət həddindədir. Buna səbəb yumruq boyda olan meduzayabənzər orqanizm - daraqlı mnemiopsisdir. Alimlər hesab edirlər ki, bu orqanizm bütün brakonyerlərdən daha qorxuludur.
Daraqlıların vətəni Atlantik okeanının Amerika sahilləridir. Onlar Xəzər sularında ilk dəfə 1999-cu ildə aşkar edilmişdir. Alimlərin fikrincə, onlar buraya gəmilərdəki ballast suyundan düşmüşdür. Hər şeydən göründüyü kimi, Xəzər dənizindəki şərait okeandan gəlmələrin ürəyincə olmuşdur. Üç il ərzində onların sayı o qədər artmışdır ki, aylı gecələrdə dəniz fosfor kimi işıq saçır. Ötən ilin yayında Xəzər dənizində kilkələrin kütləvi surətdə qırılmasını alimlər məhz daraqlıların fəaliyyəti ilə əlaqələndirirlər. Xəzər Dənizi Balıq Təsərrüfatı Elmi Tədqiqat İnstitutu Dağıstan şöbəsi mütəxəssislərinin rəyincə, təxminən 200 min ton kilkə məhv olmuşdur ki, bu da onların Xəzər hövzəsindəki ümumi miqdarının beşdə birini təşkil edir.
Məsələ bundadır ki, daraqlılar kilkələrin yeganə yemi olan zooplanktonla qidalanır və onun ehtiyatlarını sözün əsl mənasında qırıb çatırlar. Kilkə sənaye əhəmiyyətinə malik olmaqla yanaşı, Xəzər dənizinin bir çox digər “sakinlərinin”, o cümlədən nərəkimilərin və suitilərin qidasıdır. Daraqlıların özləri ilə isə Xəzərdəki heç bir balıq qidalanmır.
İTAR-TASS agentliyi xəbər verir ki, Dağıstan alimlərinin fikrincə, yaranmış vəziyyətdən yeganə çıxış yolu dənizə başqa meduzayabənzər balığın - mnemiopsisin yeganə düşməni olan daraqlı beroyenin buraxılmasıdır. Mahaçqala şəhəri yaxınlığındakı təcrübə bazasında alimlərin apardıqları ilk təcrübələrin nəticələri ümidvericidir. Xəzər dənizi sularında beroye normal yaşayır, əsasən, okeandan buraya düşmüş “həmyerliləri” ilə qidalanaraq digər dəniz orqanizmlərinə məhəl qoymur.
Yırtıcı daraqlıların ilk dəstəsi Qara dənizdə tutulacaq və bu ilin yazında Xəzər dənizinə gətiriləcəkdir.