Dağıstan Dövlət Universitetində Xəzər suitisinin qorunması üzrə elmi işlər başlanıb
Bakı, 25 iyul, AZƏRTAC
Dağıstan Dövlət Universitetində (DDU) Xəzər suitisinin populyasiyasının azalması səbəblərinin öyrənilməsi üzrə işlər başlanıb. Bu işləri Universitetin Ekologiya və Davamlı İnkişaf İnstitutunun mütəxəssisləri “Xəzər suitisinin sayının azalmasına təsir göstərən amillərin öyrənilməsi və onun qorunmasının elmi əsaslarının hazırlanması” layihəsi çərçivəsində aparacaqlar.
AZƏRTAC “Molodyoj Daqestana” saytına istinadla xəbər verir ki, DDU-nun rektoru Murtuzəli Rabadanov ilə Qafqazın Təbiəti Mərkəzinin nümayəndələrinin görüşü həmin layihənin reallaşdırılmasına dair müqavilə imzalanmasına həsr edilib. Mərkəzin Təbiəti mühafizə fəaliyyəti üzrə baş direktoru Natalya Vavilovanın sözlərinə görə, bu layihə 2018-ci ildə Monako şahzadəsi II Alber Fondu tərəfindən dəstəklənib.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, layihə üzrə DDU-nun tərəfdaşları Atırau Neft və Qaz Universiteti (Qazaxıstan), Azərbaycan Milli Elmlər Akademiyasının Mikrobiologiya İnstitutu, İrandakı Xəzər suitisinin reabilitasiyası mərkəzi, Türkmənistan Elmlər Akademiyası və Novosibirskdəki Federal Fundamental və Translyasiya Təbabəti Araşdırma Mərkəzi olacaq.
DDU-nun Ekologiya və Davamlı İnkişaf İnstitutunun direktoru Əlimurad Hacıyev bildirib ki, Xəzər suitisinin qorunması üzrə işlər bütün Xəzəryanı ölkələrdə aparılır. Yeni layihə bu işləri əlaqələndirməyə və Xəzərin cənubunda, o cümlədən dənizin Türkmənistan sektorunda suitinin davranışını daha ətraflı öyrənməyə imkan verəcək. Yaxın vaxtlarda Türkmənistanın ən iri adası olan Oqurçinski adasına ekspedisiya təşkil edilməsi planlaşdırılır.
Tədqiqatlara Lids Universitetinin (Böyük Britaniya) alimləri də qoşulub. Bununla əlaqədar, həmin universitetin Biologiya, torpaq və ətraf mühit fakültəsi ilə DDU-nun Ekologiya və Davamlı İnkişaf İnstitutu arasında Əməkdaşlıq haqqında Müqavilə və Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.