“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi yeni kampaniyaya start verib VİDEO
Bakı, 28 avqust, AZƏRTAC
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi “Xankəndi qırğınları” adlı yeni kampaniyaya start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, kampaniyanın məqsədi 1988-ci ilin əvvəllərindən Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanan və həmin il sentyabrın 18-dən Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı bilərəkdən həyata keçirilən terror hadisələrinə diqqəti cəlb etməkdir.
Xalqımıza qarşı Ermənistanın törətdiyi dəhşətli cinayətlər silsiləsində Xankəndi hadisələrinə az diqqət yetirilib. Erməni vəhşiliyinin bariz nümunəsi olan bu hadisələrin öyrənilməsinə, yenidən gündəmə gətirilməsinə və gələcək nəsillərə çatdırılmasına xüsusi ehtiyac var.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin texniki dəstəyi ilə hazırlanan hər bir videoçarxın süjet xətti erməni terrorunun qurbanı olmuş və bu gün də həmin ağrını yaşayan insanların həyat hekayələri üzərində qurulub.
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi bu layihə ilə internet resurslarında Xankəndi hadisələri barədə məlumat bazası formalaşdırmağı qarşısına məqsəd qoyub.
İnsan hekayələri üzərində qurulan qısa filmlərin müxtəlif dillərə tərcümə olunması və beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.
“Xankəndi qırğınları” layihəsi çərçivəsində ilk qısa film Xankəndi şəhərində yaşamış və Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbdə müəllimə işləmiş Nuridə Məhərrəmovanın həyat hekayəsindən bəhs edir. N.Məhərrəmova filmdə ermənilər tərəfindən ailəsinin başına gətirilən müsibətlərdən danışır.