SİYASƏT
Dağlıq Qarabağ münaqişəsi yalnız BMT çərçivəsində həll oluna bilər
Bakı, 4 oktyabr (AZƏRTAC). Oktyabrın 4-də Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin 2012-ci ilin sentyabrında beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu sentyabr ayında regionda baş verən hadisələri şərh etmişdir.
Politoloq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı son proseslərə münasibətini bildirmişdir.
Natiq işğalçı Ermənistanın ATƏT-in Minsk qrupunun konsensus mexanizmi ilə işləməsindən sui-istifadə etdiyini, ona görə də münaqişənin yalnız BMT çərçivəsində tənzimlənə biləcəyini vurğulamışdır.
Münaqişənin nizamlanması ilə bağlı rəsmi Bakının mövqeyinin daha da gücləndiyini bildirən M.Əhmədoğlu, Azərbaycan tərəfinin məsələnin həlli istiqamətində mühüm addımlar atdığını diqqətə çatdırmışdır.
İşğalçı dövlətin hazırkı vəziyyətindən danışan politoloq qeyd etmişdir ki, münaqişənin nizamlanması Ermənistana daha çox lazımdır. Çünki 20 ildən artıq davam edən münaqişə bu ölkəni dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur.
Konfransda, həmçinin dünyada və regionda cərəyan edən digər münaqişələrə toxunulmuş və siyasi proseslərin analizi verilmişdir.