DAĞLIQ QARABAĞ PROBLEMİNİN HƏLLİ TÜRKİYƏ ÜÇÜN CƏNUBİ QAFQAZDA ƏN MÜHÜM MƏSƏLƏDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül Yerevandan Ankaraya qayıdarkən təyyarədə jurnalistlərlə söhbətində Dağlıq Qarabağ probleminin həllinin Türkiyə üçün Cənubi Qafqazda ən mühüm məsələ olduğunu söyləmişdir.
Ermənistandakı görüşlərində bu məsələni xüsusi olaraq müzakirə etdiyini diqqətə çatdıran Türkiyə dövlətinin başçısı, Dağlıq Qarabağla əlaqədar söhbəti birinci olaraq ermənistanlı həmkarı Serj Sarkisyanın açdığını söyləmişdir. Problemi bu qədər təfsilatı ilə müzakirə edəcəyimizi gözləmirdim, deyən Abdullah Gül, Yerevana səfərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına töhfə verəcəyini vurğulamışdır.
Ermənistanla sərhədlərin açılmasının müzakirəsi barədə suala cavab verən Abdullah Gül bildirmişdir ki, bu vəziyyət davam edərsə hər şey qaydasına düşər və normallaşar. Amma, hazırda belə bir şey yoxdur.
Türkiyə Prezidenti demişdir ki, onun bu səfəri Qafqazdakı psixoloji maneəni aradan qaldırmışdır.