Dağlıq Qarabağın azərbaycanlı icması Lill Universitetinin rəhbərliyinə etiraz məktubu göndərib
Bakı, 29 oktyabr, AZƏRTAC
Dağlıq Qarabağdakı qondarma rejimin yaratdığı “Azad Vətən” adlı “partiya”nın təşkilatçılığı ilə Fransanın Lill Universitetinin bir qrup professor və müəllimi Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərinə qanunsuz səfər edib. Ermənistan mediasının verdiyi məlumata görə, nümayəndə heyətinin tərkibində müxtəlif sahələr üzrə elm adamları yer alıb. Qanunsuz səfər zamanı Lill Universitetinin əməkdaşları “Şuşa Texnologiya Universiteti”ndə olub və gələcək “əlaqələr”ə dair fikirlər səsləndiriblər.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından AZƏRTAC-a daxil olan məlumatda bildirilir ki, qədim ənənələri olan Lill Universitetinin bir qrup professor və müəlliminin Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etməsini ciddi məsuliyyətsizlik və beynəlxalq hüquqa hörmətsizlik kimi qəbul edir. Həmçinin bu “səfər” dünyada elektronika və nanotexnologiyalar sahəsində elmi kəşflərə imza atan bir universitetin nüfuzuna ciddi şəkildə xələl gətirir. Necə ola bilər ki, belə bir universitetin professor-müəllim heyəti hansı ərazilərə gətirildiklərindən xəbərsiz olsun? Görəsən, bir dəfə də olsun bu insanlar internetdə Dağlıq Qarabağın tarixi, Ermənistanın bu əraziləri necə işğal etməsi haqqında məlumat toplamağa çalışıblarmı? Ən əsası, Lill Universitetinin müəllim və professorlarının Fransanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyindən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğundan xəbərləri varmı? Əgər yoxdursa, bu, elm adamları üçün həqiqətən utanc gətirən məsələdir. Yox, əgər Lill Universitetinin professorları Fransanın mövqeyini bilə-bilə Dağlıq Qarabağa qanunsuz səfər edirlərsə, deməli, bu, həm də Fransanın rəsmi mövqeyinə hörmətsizlik kimi qəbul olunmalıdır.
Digər tərəfdən, Fransa ATƏT-in Minsk qrupunda həmsədr ölkə kimi Ermənistan ilə Azərbaycan arasında vasitəçilik missiyası həyata keçirir. Belə olan halda Lill Universitetinin müəllim və professorlarının Dağlıq Qarabağa qanunsuz səfər etmələri həm də bu ölkənin danışıqlarda tərəfsiz vasitəçi nüfuzunu şübhə altında qoyur.
Biz, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Fransanın Lill Universitetinin rəhbərliyinə də öz etirazımızı bildiririk. Hesab edirik ki, sözügedən universitetin rəhbərliyi Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən qovulmuş azərbaycanlı sakinlərin təbii insan hüquqlarına təhqir hesab edilən bu qanunsuz səfərlə bağlı ciddi tədbirlər görəcək və bu kimi halların təkrarlanmasına yol verməyəcək.