Danimarka fevralın sonunadək cari məhdudiyyətlərə riayət edəcək
Stokholm, 30 yanvar, AZƏRTAC
Danimarka hökuməti cari koronavirus məhdudiyyətlərinin üçhəftəlik müddətə uzadılacağını bəyan edib.
AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Baş nazir Mette Frederiksenin sözlərinə görə, hərəkət məhdudiyyətləri fevralın 28-dək davam edəcək.
Baş nazirin fikrincə, məhdudlaşdırıcı tədbirlərin uzadılmasının əsas səbəbi ölkədə koronavirusun yeni, daha yoluxucu variantlarının yayılmasıdır.
“Yeni mutasiya, hətta Danimarkada qüvvədə olan çox ciddi məhdudiyyətlərə baxmayaraq belə yayılır”, - deyə xanım Mette Frederiksen söyləyib.
Hazırda Danimarkada qüvvədə olan məhdudiyyətlər məktəblərin, universitetlərin, restoranların, kafelərin və mağazaların bağlanmasını, insanların böyük əksəriyyətinin məsafədən işləmələrini, ictimai toplantıların iştirakçılarının sayına limit qoyulmasını və ictimai yerlərdə və binaların daxilində maskalardan məcburi istifadəni əhatə edir.
Mövcud məhdudiyyətlər dekabrın 25-dən tam qaydada fəaliyyət göstərir. Bunun nəticəsində ölkədə yoluxma səviyyəsi və xəstəxanalara yerləşdirilənlərin sayı xeyli azalıb. Hakimiyyət orqanları daha yoluxucu ştammlardan və bu mutasiyaların yoluxma səviyyəsinə potensial təsirindən narahatdırlar.
Yerli ekspertlərin proqnozlarına görə, gələn ayın ortalarına yaxın həm də Britaniya ştammı adlanan “B117”nin mutasiyası Danimarkada koronavirusun dominant forması ola bilər. Təbii ki, bu mutasiyalar COVID-19-un əvvəlki mutasiyalarından daha yoluxucudur. Qeyd edək ki, “B117” mutasiyası Krallıqda təkcə 2021-ci ilin üçüncü həftəsində 231 nəfərdə aşkarlanıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm