MƏDƏNİYYƏT
Daşkənddə “Böyük İpək Yolu ilə turizm” beynəlxalq yarmarkası başa çatmışdır
Daşkənd 11 oktyabr (AZƏRTAC). Dünya Turizm Təşkilatının dəstəyi, “Özbəkturizm” milli şirkəti və “Böyük İpək Yolu” reklam agentliyinin təşkilatçılığı ilə Daşkənddə keçirilən “Böyük İpək Yolu ilə turizm” 19-cu beynəlxalq turizm yarmarkası başa çatmışdır.
Tədbirdə dünyanın 40-dan artıq ölkəsindən 700 turizm şirkəti və firması, mehmanxana biznesi sahəsinin mütəxəssisləri iştirak etmişlər.
Azərbaycanı bu tədbirdə Mədəniyyət və Turizm Nazirliyi daxili turizm bölməsinin müdiri Mahir Qəhrəmanov və bölmənin əməkdaşı Cəmil Kəlbəliyev təmsil etmişdir.
Azərbaycan üçün ayrılmış guşədə bayrağımız, ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları, müxtəlif kitab və broşürlər, suvenirlər, milli musiqi alətləri, xalqımızın qədim məişət əşyaları nümayiş etdirilmişdir. Monitorda Azərbaycanın mədəniyyəti, incəsənəti, adət-ənənələri ilə bağlı filmlər göstərilmiş, muğam və xalq mahnılarımız səslənmişdir. Azərbaycan guşəsinə gələnlərə ölkəmizin turizm potensialını əks etdirən reklam-çap materialları paylanmışdır.
Özbəkistanda turizmin inkişafına böyük diqqət göstərilir. Bu ölkənin qədim Səmərqənd, Buxara, Xivə və Şəhrisabz şəhərləri UNESCO-nun Mədəni İrs Siyahısına salınmışdır və bu şəhərlərdə 4 mindən artıq tarixi və mədəni abidə vardır. Məhz bu qədim abidələri görmək istəyi xarici turistləri özünə cəlb edir və ölkəyə maraq artır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd