Daşkənddə “İslam sivilizasiyası” beynəlxalq media forumu keçirilir
Bakı, 25 avqust, AZƏRTAC
Avqustun 24-dən Daşkənd və Səmərqənddə “İslam sivilizasiyası: yeni baxış – yeni kəşflər” adlı beynəlxalq media forumu keçirilir. Avqustun 28-dək savam edəcək foruma 50-yə yaxın ölkədən media və ekspert icmasının 300-ə yaxın nümayəndəsi qatılıb.
AZƏRTAC xəbər verir ki, iştirakçılar arasında aparıcı media şirkətlərinin və informasiya agentliklərinin rəhbərləri, beynəlxalq televiziya kanallarının və nəşrlərin, rəqəmsal platformaların nümayəndələri, sənədli filmlərin yaradıcıları, prodüserlər, alimlər, kreativ sənayelər və süni intellekt sahəsində mütəxəssislər var.
“24.kg” yazır ki, forumun Özbəkistanın dövlət müstəqilliyinin 35 illiyi ərəfəsində keçirilməsi ona xüsusi əhəmiyyət verir. Əsas məqsəd ölkənin müstəqillik illərində əldə etdiyi nailiyyətləri, Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə son on ildə həyata keçirilən islahatların nəticələrini, həmçinin tarixi irsin qorunması və təbliği istiqamətində görülən işləri beynəlxalq auditoriyaya təqdim etməkdir.
Müzakirələrin mərkəzində İslam sivilizasiyasının riyaziyyat, astronomiya, tibb, fəlsəfə, ədəbiyyat, memarlıq və incəsənət də daxil olmaqla dünya elminin və mədəniyyətinin inkişafına verdiyi töhfə dayanır. Forum çərçivəsində 50-dən çox məruzə və təqdimatın keçirilməsi nəzərdə tutulur.
Texnologiyalar bölməsində ərəb qrafikası ilə yazılmış əlyazma mətnlərini tanımaq və onları rəqəmsal şəkildə oxumaq üçün nəzərdə tutulmuş intellektual model olan “INKSIGHT AI” təqdim ediləcək. Layihə qədim yazılı mənbələrlə işləyərkən süni intellektdən istifadə imkanlarını nümayiş etdirir.
Beynəlxalq media nümayəndələri bu sahə ilə maraqlanan tələbə və gənc mütəxəssislərlə görüşlər keçirəcəklər. Daşkənddəki 15 ali təhsil müəssisəsində xarici jurnalistlərin, media menecerlərinin, sənədli film rejissorlarının və rəqəmsal texnologiyalar sahəsində mütəxəssislərin iştirakı ilə mühazirələr, təqdimatlar, ustad dərsləri və xüsusi sessiyalar keçiriləcək.