MƏDƏNİYYƏT
DAŞKƏNDDƏ SOYDAŞIMIZIN XATİRƏSİ YAD EDİLMİŞDİR
Daşkənddəki “Kino evi”ndə Özbəkistanda tanınmış aktyor və rejissor, mərhum soydaşımız Muxtar Ağamirzəyevin xatirə gecəsi keçirilmişdir. Tədbirdə ədəbiyyat və incəsənət xadimləri, səfirliyimizin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, sənətkarın dostları və qohumları iştirak etmişlər.
M. Agamirzəyevin yaxın dostu, kinorejissor Ravil Batırov, kinoşünas alim, professor Cura Teşabayev, kinodramaturq Dmitri Bulqakov, jurnalist Dilnoza Xasanova və başqaları çıxış edərək, tanınmış aktyor və rejissor haqqında xatirələrələrni söyləmişlər.
Ravil Batırov demişdir:- Muxtar ürək adami idi. O, adi bir şeydən inciyə bilərdi. Ona görə də heç kim onun kövrəkliyinə qıymırdı. Onu qəlbimizin üstündə saxlayırdıq, axıra kimi saxlaya bilmədik.
Dilnoza Xasanova isə bunları dedi:- Onun “Nənəni qaytarın” bədii filmində balaca qız roluna çəkilmişəm. Məni qızı qədər sevirdi. Həmişə mənə deyərdi ki, sən mənim ikinci qızımsan. Kino onun həyatı idi. O, özbək kinosu üçün çox şey edib. Onun çəkdiyi “İşıq və kölgələr”, “Yeddinci cin”, “Vəhşi qu quşu “, “Ölməzlik”, “Ögey bacı “ və başqa filimləri indi də öz aktuallığını itirməyib.
Tədbirin sonunda rejissor Eldar Məmmədovun M. Ağamirzəyevin yaradıcılığı ilə bağlı çəkdiyi “Xatirə “ filmi göstərilmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd