Daşkənddə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaqdır
Daşkənd, 19 fevral (AZƏRTAC). Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ilə birgə Xocalı faciəsi ilə bağlı mərasim və Azərbaycanda çəkilən “Dolu” filminin təqdimatını keçirəcəkdir.
Tədbirdə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev, Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, Milli Məclisin deputatı Aqil Abbas və yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun üzvləri, jurnalistlər iştirak edəcək, qonaqların çıxışları dinləniləcəkdir.
Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası haqqında ətraflı məlumat veriləcək, Xocalı soyqırımının tanınması istiqamətində görülən işlərdən danışılacaqdır.
Tədbirdə AMM-nin həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə güllərdən hazırlanmış kompozisiya nümayiş etdiriləcək, onların xatirəsinə şamlar yandırılacaqdır. Uşaqlar havaya sülh göyərçinləri buraxacaq və Ermənistanın Azərbaycan torpaqlarının işğalına son qoymasını istəyəcəklər.
Tədbirdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın Özbəkistandakı səfirliyinə Xocalı soyqırımı haqqında göndərilmiş fotoşəkillər və nəşrlər, həmçinin AMM-də fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin faciədən bəhs edən əsərlərinin sərgisi də olacaqdır.
Aqil Abbas ssenarisinin müəllifi “Dolu” filmi haqqında məlumat verəcək, sonra film nümayiş etdiriləcəkdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd