Daşqınlar nəticəsində İspaniyada beş adam həlak olub
Madrid, 14 sentyabr, AZƏRTAC
İspaniyada çıxan ”La Vanguardia” qəzeti Mülki Qvardiyaya istinadla yazır ki, ölkənin cənub-şərqində daşqınlar nəticəsində qurbanların sayı beş nəfərə çatıb. Hazırda təqribən 3,5 min adam təxliyə edilib.
AZƏRTAC xəbər verir ki, Alikante əyalətindəki təbii fəlakət rayonuna və Mursiyaya 1150 hərbçi və texnika, o cümlədən helikopterlər göndərilib. Bundan əlavə, zərər çəkmiş rayonlarda artıq ikinci gündür ki, fövqəladə hallar üzrə xüsusi hərbi bölmələr işləyir.
Aviasiya xəttində fasilələr müşahidə olunur. Almeriya aeroportu bir neçə saat işləməyib, Mursiya aeroportu hələ də açılmayıb. Palma-de-Mayorka şəhərinin aeroportu bir saat ərzində nə reys qəbul edib, nə də göndərib. İbiza, Alikante, Madrid və Barselonada reyslər ya ləngiyir, ya da təxirə salınır.
Sentyabrın 14-də Valensiya muxtar birliyində, Almeriyada (Əndəlis muxtar birliyi) və Mursiya muxtar birliyində xüsusilə mürəkkəb vəziyyət yaranıb. Məktəblərdə dərslər ləğv edilib. Maddi ziyan daha sonra müəyyən ediləcək. Bu səhər Mursiyanın müxtəlif rayonlarından təxminən 500 adam, daha 60 sakin Almeriyadakı Kabo-de-Qata kempinqindən köçürülüb.
Mursiya hökuməti bütün bölgəni “fəlakət zonası” elan etmək məqsədi ilə Müdirlər Şurasının çağırıldığını elan edib. Daxili İşlər Nazirliyi zərərçəkənlərə maliyyə yardımının toplandığını bildirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid