“Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb
Bakı, 15 may, AZƏRTAC
Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə təşkilatçılığı ilə “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, konfrans insan kapitalının təhsil sistemləri, elmi-tədqiqat potensialı, peşəkar hazırlıq, institusional bacarıqlar və rəqəmsal savadlılığın davamlı şəhər inkişafında həlledici rolunu ön plana çıxaracaq. Tədbirdə şəhərsalma, memarlıq, mühəndislik, ekologiya, iqtisadiyyat, hüquq, sosial elmlər və rəqəmsal texnologiyalar kimi müxtəlif sahələri əhatə edən multidisiplinar yanaşmalar müzakirə olunacaq.
Konfrans dövlət qurumlarının rəhbərlərini, BMT nümayəndələrini, beynəlxalq ekspertləri, alimləri və şəhər inkişafı üzrə mütəxəssisləri bir araya gətirəcək. Müzakirələrdə inklüziv və dayanıqlı şəhərlərin inkişafı, iqlim dayanıqlılığı, əlçatan mənzil təminatı, rəqəmsal transformasiya və süni intellektin şəhər idarəçiliyində rolu, həmçinin institusional və hüquqi çərçivələrin gücləndirilməsi kimi mövzulara xüsusi diqqət yetiriləcək.